Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması işləri davam etdirilir.
Bu barədə Oxu.Az-a şikayət ünvanlayan sakinlər məlumat veriblər.
Sakinlər iddia edirlər ki, yaşayış binasının 3-cü mərtəbəsində 10-12 il əvvəl köçüb gedənlərin mənzillərinin açarları Səbail Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən əldə olunub:
"İH-nin əməkdaşları əvvəllər burada yaşamış, lakin hazırda mənzildə qalmayan sakinlərin açarlarını əldə edib, həmin mənzillərin qapılarını, pəncərələrini söküb aparıblar. Eyni zamanda, mənzillərin daxilində söküntü işləri aparıblar, su borularını dağıdıblar deyə aşağı mərtəbədə yaşayan sakinlərin evlərinə su axır. Biz onların binanın kənarında, qeyri-yaşayış sahəsindəki sökdükləri konstruksiyaları və binanın özünü təmir etmələrini gözləyərkən onlar öz söküntü işlərini davam etdirirlər. Halbuki bu məsələ işıqlandırıldıqdan sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən binada aparılan söküntü işlərinin dayandırılması ilə əlaqədar tapşırıq verilmişdi".
Sakinlər binanın təmir olunmasına qədər polis nəzarətinin gücləndirilməsini istəyirlər:
"Binada söküntü işlərini aparanlar nə qanun, nə də kimisə sayırlar. Verilən tapşırığı icra etməyən şəxslər gecə vaxtı binada hər hansı təxribat da törədə bilərlər. Buna görə də bina təmir edilənə qədər ərazidə polis nəzarətinin gücləndirilməsini istəyirik".
Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasında oğurluq edilməsi ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli məlumat verib.
"Sakinlərin müraciəti əsasında məsələyə hüquq-mühafizə orqanları tərəfindən baxılıb. Müəyyən olunub ki, həmin ünvanda hazırda hər hansı söküntü işi aparılmır, mənzillərin qapıları isə oğurlanmayıb. Alqı-satqı razılığı əsasında podratçı şirkət və ev sahibləri tərəfindən çıxarılması müəyyən edilib", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, mayın 12-də müraciət edən sakinlər bildirmişdilər ki, yaşadıqları bina bilərəkdən yararsız hala salınır, metal konstruksiyalar sökülərək daşınır, su xətləri qəzalı vəziyyətə gətirilir. Sakinlər sözügedən binanın sökülməsinə qarşı olmadıqlarını qeyd etmişdilər, lakin bina söküldükdən sonra yerində inşa olunacaq yeni binada sahib olduqları mənzilin dəyərində yeni mənzillə təmin olunmalarını tələb ediblər.
Qeyd edək ki, sözügedən məsələ işıqlandırıldıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılan şəhərsalma monitorinqi nəticəsində müəyyən edilib ki, Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən və birinci mərtəbədəki qeyri-yaşayış sahələrinə ziyan dəymiş binada sökülmə işləri aparılır.
Göstərilən ünvanda binanın sökülməsinə icazə verilməyib, həmçinin heç bir layihə sənədi təsdiq olunmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməyib.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi mövcud qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq rayon icra hakimiyyəti orqanına (Səbail Rayon İcra Hakimiyyəti - müəllifin qeydi) və digər səlahiyyətli strukturlara məlumat verib.