“Hər kəs “Harvard”a qəbul ola bilər” - Məşhur ABŞ universitetinə qəbul olan azərbaycanlı ilə müsahibə

 28-12-2023

Azərbaycanlı Şəms Müslümov bu yaxınlarda ABŞ-ın nüfuzlu təhsil müəssisələrindən olan Harvard Universitetinə erkən qəbul alan şəxslərdən biri oldu. Valyuta.az “Harvard Universitetinə necə qəbul olmaq olar” sualı əsasında Şəms Müslümovla həmsöhbət oub.

Qeyd edək ki, Şəms 2005-ci ildə Türkiyədə anadan olub, orada böyüyüb və təhsilini də bu ölkədə alıb.

- Şəms bəy, ilk olaraq orta məktəbdə hansı fənləri daha çox oxumağınızdan danışaq. Ən çox hansı fənnə marağınız var idi?

- Uşaq yaşlarımdan riyaziyyata maraq göstərmişəm. Riyaziyyatla bağlı məsələlər, misallar həll etməyi, onların üzərində çalışmağı sevirəm. Riyaziyyata çox vaxt sərf edirəm. Mütəmadi olaraq riyaziyyat olimpiadalarında iştirak etmişəm və olimpiada dərəcələrim var. Məntiq suallarının cavablarını tapmaq və  krossvord həll etmək mənim üçün çox maraqlıdır. Həmçinin fizika və tarix fənlərini çox sevirəm, amma kimya fənnində çox da yaxşı deyiləm. Ümumilikdə, bütün fənləri yaxşı oxumağa çalışıram, amma marağım olan fənlərə daha çox vaxt və diqqət ayırıram.

“Robert College”də təhsil almaq zövqlü idi”

- 8-ci sinifdən sonra “Robert College”də oxudunuz?

- Mən 5-ci sinifdə imtahan verib Türkiyənin öndə gedən məktəblərindən olan “Koç” məktəbini qazandım. 8-ci sinfin  sonunda isə LGS imtahanında bütün suallara doğru cavab verib Türkiyə birisincisi oldum və bu imtahan nəticələri əsasında “Robert College”yə qəbul oldum və lisey sonuna qədər orada oxudum. “Robert College” Türkiyənin ən köklü və prestijli təhsil qurumlarından biri olaraq qəbul edilir və müasir təhsil anlayışını ölkəyə gətirməsi ilə tanınır. Boğaziçi Universiteti də “Robert College”in bazasında yaradılıb.

428476

- Atanız sizin qəbulunuzla bağlı xəbəri paylaşanda yazmışdı ki, "Robert College"dən Harvard Universitetinə keçən yol çox zəhmətli idi...

- “Robert College”də təhsil səhər 8-də dərsə gedib, axşam 4-də çıxmaqla bitmir. Məktəbdə 140-dan çox klub var. Bu klublarda siz maraq dairənizi kəşf edə bilirsiniz. Mən klublarda da aktiv iştirak edirdim. Eyni zamanda məktəbdə tələbə birliyinin prezidenti idim. Tələbə birliyində fərqli layihələr gerçəkləşdirirdik. Sadəcə “Robert College” şagirdləri üçün yox, bütün Türkiyəyə dəstək olduğumuz layihələr var idi. Riyaziyyata marağım davam edirdi, mütəmadi olaraq olimpiadalara qatılırdım və nəticədə olimpiada dərəcələri, medallar qazandım. Dərsləri axsatmadan, qiymətlərimi yaxşı saxlayaraq müxtəlif məşğuliyyətlərdə də aktiv olmağa çalışırdım. Akademik yönü ilə yanaşı, sosial aktivlik cəhətindən də sizi yükləyən bir məktəbdir. Atam yəqin ki ona görə elə yazıb. Çox vaxt alır, amma “Robert College”də təhsil almaq zövqlü idi.

“Mən divlərin çiyinləri üzərində yüksəlirəm”

- Maraqlıdır, sizə zövq verən nə idi ki, çox vaxt ayırmağı, çətinlikləri unutdururdu?

- Özünü ifadə etmək bacarığını, intellektual səviyyəni inkişaf etdirir. Başa düşürsən ki, özünə yaxşı bir yol cıza bilmək üçün çox səy göstərməlisən. “Robert College” sənə öyrədir ki, məqsədlər qoy və maraq dairənin arxasınca get. Sizdə baxış nöqtəsi formalaşdırır. Siz bu baxış nöqtəsi ilə həm məktəb içində, mən də məktəbdən kənarda hərəkət edirsiniz və hər biri istədiyin, məqsədlərinlə bağlı olur. Marağınız olan bir istiqamətə gedirsinizsə, ona vaxt ayırırsınızsa, ordan bir meyvə yetişir.

“Robert College” eyni zamanda mənə aid olduğum cəmiyyətə qarşı məsuliyyət hissi oyandırdı. Azərbaycanda neft işçilərinin övladları üçün “Code Academy”də #GələcəkdəSƏN layihəsini başlatdıq. Bu layihə ilə Türkiyədə oxuyan tələbə dostlarımızla bərabər 16 nəfər şagirdə IT və riyaziyyat sahəsində təlim və gələcək təhsil və karyera seçimlərində onlara yol göstərəcək mentor dəstəyi verdik. Bu layihəmiz hələ də davam edir və şagirdlərimiz universitetə girənə qədər davam edəcək.

428477

- Bəs valideynlərinizin təhsil həyatınızla bağlı yönləndirməsi olurdu?

- Ailəm hər zaman seçimlərimi dəstəkləyib. Atam, Əlövsət Müslümov 32 yaşında Türkiyədə maliyyə sahəsində professorluq dərəcəsi alaraq, Türkiyənin ən gənc professoru olub. Anamın da kənd təsərrüfatı iqtisadiyatı sahəsində doktorantura dərəcəsi var. Onlar mənə öz maraq dairəmi kəşf etməyim üçün kömək edirdilər. Riyazi yöndə getmək istəyirdim, onlar da mənə o yöndəki mənbələri təmin etdilər. Yönləndirmələri mənim maraq dairəmə uyğun olurdu. Məsələn, olimpiadalarda mənə həmişə yüksək hədəflər qoyurdular. Mən də bu hədəflərə çatmaq istəyirdim. Ümumiləşdirsək, əslində, valideynlərimlə mənim istəyim bənzərdir. Nyutonun bir sözü var. Mən divlərin çiyinləri üzərində yüksəlirəm. Mən də valideynlərimi bu cür ifadə edərdim. Mən divlərin çiyinləri üzərində yüksəlirəm.

“Sadəcə maraq dairənizin arxasınca getməlisiniz”

- Məktəbdən kənar götürsək, maraq dairənizdə nələr var?

- Texnologiyaya marağım var, internetdə çox oxumağı, araşdırmağı sevirəm. Bəzi xəbər kanallarını izləyirəm, iqtisadiyyatla maraqlanıram. Dünyadakı iqtisadi sahədəki dəyişiklikləri izləyirəm. İdmana marağım var. Stolüstü tennis oynayıram. İdman salonuna gedirəm, fiziki olaraq da sağlamlığı qorumağa çalışıram. 5 yaşımdan etibarən piano çalıram.

- “Robert College” oxuyan hər kəs “Harvard”a qəbul ola bilərmi?

- “Robert College” hər il Harvard, MIT, Stanford, Princeton, Yale, Oxford və Cambridge kimi universitetlərə hər il tələbə göndərir. Mənə elə gəlir ki, sadəcə “Robert College” deyil, hər yerdə oxuyan hər kəs “Harvard”a qəbul ola bilər. Sadəcə maraq dairənizin arxasınca getməlisiniz.

- Harvard Universitetinə erkən qəbulunuzdan danışaq.

- Harvardın iki müraciət dönəmi var. Biri erkən müraciətdir, biri də ümumi. Erkən qəbul dönəmi noyabrın 1-i, ümumi qəbul dönəmi isə yanvardan sonra olur. Erkən qəbul dönəmində siz ancaq bir universitetə müraciət edə bilirsiniz. Mən də erkən müraciət dönəmində Harvardı seçdim və qəbul aldım. Qəbul almasaydım, normal müraciət dönəmində artıq bir çox universitetə müraciət edib ordan gələn qəbullara görə seçim edəcəkdim.

“Öyrəndim ki, Harvardın fəlsəfəsi təkcə təhsil deyil”

- Müraciət prosesi necə oldu?

- Müraciət formasını doldurub orada bütün məlumatları qeyd edirsən. Bu məlumatlar arasında (1)  Qiymət cədvəli, (2) Standartlaşdırılmış test nəticələri, (3) İnşalar, (4)  Tövsiyə məktubları, (5) Dərsdənkənar fəaliyyətlər kimi məlumatlar daxildir.

Sonra isə seçdikləri şəxslərin Harvard məzunu olmuş şəxslərlə müsahibəsini təşkil edirlər. Mən bir Harvard məzunu ilə onlayn müsahibə etdim. Onunla ünsiyyət Harvardı yaxşı anlamağım üçün çox yaxşı oldu. Müsahibəni aparan şəxs sizinlə bağlı rəy yazır, onu da müraciətləri hazırlayan universitet komitəsinə göndərir. Sizinlə bağlı müəllimlərinizin də referans məktubları olur. Komitə bütün məlumatları toplayır, onları analiz edirlər və sonra kimi qəbul edib kimi etməyəcəklərinə qərar verirlər.

428478

- Erkən qəbulda bir universitet seçiminiz olub. Bu zaman niyə Harvardı seçdiniz?

- Mən universitetləri çox araşdırdım. Öyrəndim ki, Harvardın fəlsəfəsi təkcə təhsil deyil, sizi bir çox yöndə inkişaf etdirməkdir. Mənim riyaziyyata marağım var, amma Harvard Universiteti məni riyaziyyatla boğmur. Bir tərəfdən əxlaq, bir tərəfdən sənət və s. dərslər də alırsınız. Bu cür təhsil üzrə dünya üzrə bir nömrəli universitetdir. Müəllimləri bir nömrədir. Harvarda qəbul olan tələbələrdən ibarət qruplar yaradılır. Qəbul alan tələbələrlə söhbət edirik, görürəm ki, inanılmaz şeylər ediblər. Adam həyəcanlanır. Hər tələbədə parlaq bir istiqamət görüblər ki, onları qəbul ediblər. İnanılmaz bir icma qururlar. Mən də o icmanın bir parçası olmaq, o təhsili almaq üçün Harvardı seçdim.

“Hər şəkildə dünyaya qatqısı olan birini tapmağa çalışırlar”

- Sizcə, Harvard niyə sizi seçdi?

- Bunu onlar daha dəqiq cavablaya bilər (Gülür), amma mən onların qəbulda fikir verdikləri məsələlərlə bağlı təxminlərimi deyim. Akademik cəhətdən biliyinizə baxırlar, öz yerində, ancaq tək bu məsələ kifayət etməyə bilir. Məktəb içərisində və məktəbdən kənar nələr etməyiniz onlar üçün maraqlıdır. Maraq dairənizin arxasınca getməyiniz, dünyaya olan qatqı, liderlik, intellektuallıq kimi məsələlər və s.-ə də baxırlar. Dünyaya olan qatqı onlar üçün çox önəmlidir. Bu, hər kəsə görə dəyişə bilər. Kimsə hansısa fəaliyyəti, kimsə hansısa ixtirası ilə dünyaya fayda qata bilər. Hər şəkildə dünyaya qatqısı olan birini tapmağa çalışırlar. Düşünürlər ki, sadəcə özünüzə deyil, ətrafınıza da faydalı olmalısınız. Sizdə özəl bir şeylər varsa, onu onlar hiss edirlər. Yüz illik təhsil müəssisələridir, təcrübələri var, kimi qəbul edib, kimi qəbul etməyəcəklərini çox yaxşı bilirlər. Dolayısı ilə özəl maraq dairənizin arxasınca getsəniz, özəl bir yol açılacaq.

- Məktəb içərisində və məktəbdən kənar çox fəaliyyət ola bilər. Məsələn, sizin misalda onlara nələr maraqlı gələ bilər?

- Mən məktəb içərisində də, məktəbdən kənarda da nələrsə etməyə çalışdım. Məsələn, mən “Robert College”də tələbə birliyinin sədri idim. Sədr olmaq onlar üçün yetərli cavab deyil. Sədr olaraq nələr etmisiniz? Məsələn, biz Hatay bölgəsində zəlzələ zamanı yardım topladıq, yeni bir məktəb tikilməsinə dəstək olduq. Məsələn, biz bir festival təşkil etdik. O festivalla topladığımız maliyyə ilə zəlzələ bölgəsində yardım etdik. Yaxud pandemiya dönəmində məktəbin elektron sistemi ilə bağlı bir fəaliyyətimiz oldu. Deməli, pandemiya dönəmində bəzi müəllimlər sistemə çox məqalə yüklədi, bəzi müəllimlər az. Biz materialların sistemləşdirilib yığılmasını etdik. Yaxud məktəbimizdə riyaziyyat klubu yox idi, onu qurdum və orda müxtəlif layihələr edirik.

“Məktəb boyunca mərhələli şəkildə üzərində işləməlisən”

- Sizcə, məktəbi bitirən dönəmdə təhsildə istədiyini əldə etmək, istədiyi universitetə qəbul olmaq üçün bir şagird necə çalışmalıdır?

- Məktəb boyunca mərhələli şəkildə üzərində işləməlisən. Daim araşdırırdım, məktəbdə məsləhətçilər də izah edirdilər. Hər şeyi bir anda öyrənmirsən. Son 1-2 ayda belə müraciətlə bağlı öyrəndiyim çox şey oldu. Ancaq ümumilikdə öncədən hazırlıq olmalıdır. Mütləq araşdırma aparmalı, planlı şəkildə getmək lazımdır. Plansız olduğunuz zaman, istədiyiniz şeyləri əldə etməyə bilərsiniz.

428479

- Harvarda hansı ixtisas üzrə təhsil almağı planlayırsınız?

- Qəbul olduğunuzda ilkin olaraq konkret ixtisas seçib və axıra qədər də elə davam etmək məcburiyyətində deyilsiniz. İlkin olaraq səndən 3 istiqamət istəyirlər. 2-ci kursdan sonra dəqiq qərar verirsən. Mən Kompüter elmləri, riyaziyyat və iqtisadiyyat dedim. Konkret qərarı isə yəqin ki zamanı gəldiyində verəcəm.

- Təhsiliniz ödənişlidir, yoxsa təqaüdlü?

- Harvard Universitetinin sistemi belədir ki, onu seçən tələbələrin maddi ehtiyacı varsa, bütün maddi ehtiyaclarını təmin edir. Ora qəbul olan tələbələr də maddi ehtiyacları varsa, təqaüd üçün müraciət edir, yoxdursa, etmirlər. Deyək ki, Harvada qəbul oldunuz, amma sizin təyyarə bileti almağa belə pulunuz yoxdur. Harvarda ehtiyacınız olduğunu sübut etsəniz, sizin təyyarə biletinizi də alır və heç bir ödəniş istəmədən Harvada qəbul edir. Universitetin maddi durumu yaxşıdır. Sistemləri belədir ki, maddi durumu yaxşı olanlardan pul alırlar, olmayan şəxsdən isə pul gözləmirlər. Ödəniş məsələsi ilə bağlı hər kəs də buna uyğun qərar verir.

 

Bənzər yazılar

0.16100692749023