Belə davam edərsə, 30 il vaxt lazım olacaq – Tahir Mirkişilidən çağırış

 04-11-2023

“İndiyədək işğaldan azad edilən torpaqların haradasa 3-4 faiz ərazisi minalardan təmizlənib. Belə davam edərsə, Azərbaycana minalandan təmizlənməsi üçün haradasa 30 il vaxt lazımdır”.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsi üşün növbəti ilin büdcəsindən 51 milyon manat ayrılması nəzərdə tutur. 

“Əgər mina təmizlənməsi 30 il davam edərsə, o zaman Azərbaycana haradasa 1,5 milyard manat vəsait lazımdır”, - komitə sədri deyib.

O əlavə edib ki, burada ikinci ciddi məsələ əmək qabiliyyətli insanların minaya düşməsidir. 

“Bu da ölkə iqtisadiyyatı üçün böyük itkidir. Növbəti üçüncü məsələ isə minalanmış ərazilərin çirklənməsi ilə bağlı olan problemdir. Bu isə ölkə iqtisadiyyatına dəyən milyardlarla manat ziyan deməkdir. Mina səbəbindən kənd təsərrüfatı, turizm, sənaye işğaldan azad edilmiş ərazilərə tam ayaq açmaq mümkün olmur. Bu eyni zamanda ekoloji cəhətdən torpaqlaırn çirklənməsi deməkdir ki, bu da iqtisadiyyata ciddi ziyan vurur”, - komitə sədri vurğulayıb.

O eyni zamanda bildirib ki, Ermənistan dəqiq mina xəritəsini Azərbaycana təqdim etməsə, sülh sazişi imzalansa belə, bu iki ölkə arasında etimad mühitinə sarsıdıcı zərbə olacaq: “Əgər Ermənistan sülhdə səmimidirsə, o zaman dəqiq mina xəritələrini Azərbaycana təqdim etməlidir”.

Deputat hesab edir ki, Azərbaycan mina təmizlənməsi zamanı əsas diqqəti texnologiyalardan istifadə etməyə yönəltməlidir: “Klassik metodla yanaşı, müasir texnologiyalardan istifadə olunmalıdır.  Bu sahədə innovativ layihələrdən istifadə olunmalıdır”.

Deputat onu da bildirib ki, əhali arasında xəbərdarlıq edilməli və bununla bağlı məsələ orta məktbə dərsliklərinə salınıb, tədris olunmalıdır: “Əgər mina təmizlənməsi prosesi haradasa 30 il davam edəcəksə, bunun dərsliklərə salınması vacib məsələdir”.

Komitə sədri beynəlxalq təşkilatları da mina təmizlənməsində aktiv olmağa çağırıb: “Bizim bu problemlərlə üzləşməyimizin əsas səbəbkarlarından biri də beynəlxalq təşkilatlardır. Onlar zamanında Ermənistanı işğalçılıq siyasətinə görə qınayıb, ona təzyiq edib, bundan geri çəkilməyə vadar etsəydilər, belə vəziyyətlə üzləşməzdik. Beynəlxalq təşkilatlar işğala son verilməsində bir iş görmədilərsə, heç olmasa, mina təmizləməsində Azərbaycana yardım etsinlər”.

Bənzər yazılar

0.1825840473175