Çingiz Qənizadə: "Bu cür çıxışlar diplomatiyamızı təmsil edənlərə problem yaradır, dayandırmalıyıq!"

 30-10-2023

"Başa düşməliyik ki, burada qanununun aliliyini qoruyan orqan həm də bu məsələdə digər bir siyasi müstəvidə xalqımızın maraqlarını qorumuş olur. Yəni biz hansısa etnik azlığa millətə və ya digər dinin daşıyıcılarına qarşı açıq çağırışlar etsək, onda Elnur müəllimin (xarici işlər nazirinin müavini E.Məmmədov-red.) Beynəlxalq Ədalət Məhkəməsindəki vəziyyətinin çətinliyini yəqin ki, dərk edə bilərik".

Ölkə.Az xəbər verir ki, bu sözləri sabiq deputat Çingiz Qənizadə "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ının təqdimatında çıxış edərkən deyib. O bildirib ki, düşmənlərimiz bu cür çıxışlardan dərhal müəyyən tədbirlərdə dövlətimizə qarşı istifadə edirlər: 

"Ümumiyyətlə, bu cür ifadələrdən imtina etmək özü həm siyasi, həm hüquqi, həm də mədəni bir əxlaqdır. 

Müharibə dövründə və ondan sonrakı dövrlərdə və hesab edirəm ki, indi də diplomatiya müharibəsi gedir. Bizim özümüz də dövlət və özəl televiziyalarda, mətbuatda bəzən emosiyalara uğrayıb müəyyən fikirlər ifadə etmişik. Amma bu gündən biz onu dayandırmalıyıq. Çünki hazırda dövlətimizə qarşı çox ciddi diplomatik müharibə gedir. Təəssüf ki, özünü "demokratik" adlandıran beynəlxalq təşkilatların demək olar ki, böyük əksəriyyəti xalqımıza qarşı kampaniyaya qoşulub.

Ona görə də cənab Prezident Zəngəzura piyada, avtomaşın və təyyarələrlə gedəcəyik deyəndə bəzilərimizin "əgər verməsələr, biz tanklarla gedəcəyik" deməsi mənə elə gəlir ki, bizim diplomatiyamızı, siyasətimizi xaricdə müdafiə edən və daxildə olan dostlarımızın və siyasi vəzfiəli şəxslərimiz üçün böyük bir problem yarada bilər. Qəlbimizdəkini saxlamaqla dilimizdəki ifadələri tamamilə dəyişməli və nifrət cinayətlərinin bizim dilimizdən səslənməsini qəti dayandırmalıyıq". 

 

 

 

Bənzər yazılar

0.1755530834198