Hidroloq alimdən su böhranı təhlükəsi ilə bağlı çağırış: "Özümüzü hazırlamalıyıq"

 27-10-2023

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, hidroloq alim Rza Mahmudov su böhranı təhlükəsi ilə əlaqədar əhaliyə çağırış edib.

Bu barədə hidroloq alim İqtisadiyyat.az-a açıqlamasında deyib.

"Qlobal istiləşmə, ilk növbədə qar-buz örtüyünə təsir göstərir. Dünyanın qar-buz örtüyü azalırsa, deməli, çayların qida mənbələri azalır. Məsələn, Tufandağ, Şahdağ, Bazardüzündə buzlaqların sahəsinin az da olsa azalması, bu dağların hövzələrində olan Qusarçay, Qudyalçayın suyunun axımına birbaşa təsir göstərir.

Qlobal miqyasda temperaturun artması çayların qida mənbələrinə, axımın formalaşmasına, axımı formalaşdıran amillərə təsir göstərir. Orta temperaturun artması ilə çaylarda illik axım azalmaqla yanaşı, həm də rejim dəyişkənliyi baş verir. Yayda qida mənbələrinin təsirindən quruyan çaylar, xüsusən arid-iqlim zonalarında həmişə olub, lakin son dövrlərdə qlobal istiləşmə və onun regional təsirləri dünyanın müxtəlif yerlərində nəinki çay, hətta digər su obyektlərinin də səviyyəsinin kəskin aşağı düşməsinə və ya tamamilə qurumasına  səbəb olub.

Buna misal olaraq Aral, Urmiya kimi gölləri və ya Xəzər dənizinin son illərdə səviyyəsinin kəskin azalmasını göstərmək olar. Bu, təbii ki, iqlim dəyişmələrinin təsirindən həmin su obyektlərinin, onların sutoplayıcı hövzələrinin su balans elementlərində baş verən dəyişikliklə bağlıdır. Bununla belə iqlim dəyişməsində daima bir sinxronluq müşahidə edilir. Paleoiqlimşünaslıqdan məlumdur ki, hər bir istiləşmədən sonra soyuqlaşma - buzlaşma dövrü əmələ gəlir. Hələlik istiləşmə davam edir.

Sudan qənaətlə istifadə etmək lazımdır, bu məsələdə israfçılığa yol verilməməli, təkrar emaldan istifadə olunmalıdır. Ən əsası isə çirkli su ilə içməli su ayrılmalıdır. Avtomobil yuma məntəqələri hamısı şirin sudan istifadə edir. Amma halbuki istifadə olunan sudan, yəni təkrar emala yararlı sudan istifadə edilməlidir. Su ehtiyatları və çayların axınının azalması baxımından özümüzü hazırlamalıyıq", - alim bildirib.

Qeyd edək ki, son illər şirin su qaynaqlarının ciddi şəkildə azalması, suvarma üçün yararlı olan su mənbələrinin quruması aktual məsələlərdən birinə çevrilib. Yay aylarında çaylarda sululuğunun azalması ciddi həyəcan siqnalıdır. Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar artıq mübarizə tədbirləri aparılır. 

 

Bənzər yazılar

0.19767904281616