Sönməkdə olan münaqişə ocağının üzərinə benzin tökürlər 

 19-10-2023

“İspaniya və Niderland parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi bəyanat həqiqətdən uzaq, qərəzli, birtərəfli və hansısa məkrli planlara xidmət edən kağız parçasıdır. Bu kağız parçaları ölkəmizə qarşı anti-Azərbaycan və erməni lobbisinin təsiri altında olan güclər tərəfindən həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsidir”.

Bunu açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, 30 il Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında  azərbaycanlılara qarşı insanlığa sığmayan hərbi cinayətlər, soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirilsə də, Avropa ölkələrinin və təşkilatlarının səsi çıxmadı.

“Bircə dəfə də olsun ki, bir Avropa ölkələrinin Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi  insanlığa sığmayan cinayətlərini, vəhşiliklərini, vandalizm hərəkətlərini pisləyən və ya qınayan bəyanatlarını görmədik. 

Həmin Avropanın 30 il müddətində öz ata yurdlarından məcburi köçkün düşən insanların ən elementar hüquqlarının təmin olunması istiqamətində səsləndirdiyi fikirlərinə şahidlik etmədik. Bircə dəfə də olsun ki, işğal altında olan bütün yaşayış məntəqlərinin, tarixi-dini-mədəni abidələrin vandalcasına məhvinə etiraz etmədilər. Əksinə, yeri düşdükcə, ermənilərə və onların işğalçılıq siyasətinə dəstəyin şahidi olduq”, – o qeyd edib.

Deputat əlavə edib ki, bu gün yenə də həmin ölkələr və yaxud təşkilatlar yenə də öz ənənələrinə sadiq qalaraq ermənilərin müdafiəçisi rolunda çıxış edərək Cənubi Qafqazda münaqişəni, separatizmi alovlandırmağa çalışırlar:

“Onların bu hərəkətləri beynəlxalq hüququ ayaqlar altına atmaqdır. Çünki Azərbaycan bütün addımları beynəlxalq hüquqa söykənərək atıb. Azərbaycan Ermənistandan fərqli olaraq Qarabağda olan erməniləri zorla çıxarmayıb. Həyata keçirdiyi antiterror tədbiri zamanı mülki insanlara ziyan dəyməyib. Ermənilər ölkəni tərk edərkən bütün beynəlxalq humanitar qaydalara riayət edilib. Lakin İspaniya və Niderland parlamentinin qərəzli bəyanatları bölgədə sepratizm meyillərinin yenidən baş qaldırılmasına, söndürülməkdə olan ocağın üzərinə benzin tökməyə bənzəyir ki, bu da yolverilməz haldır. Biz bu cür hərəkətləri qətiyyətlə pisləyir və buna son qoyulmasını tələb edirik”.

Mənbə Ölkə.Az

Bənzər yazılar

0.17208194732666