Bu il fevralın 28-də Ukraynanın Xarkov şəhərində baş vermiş toqquşmalar zamanı ağır güllə yarası almış Azərbaycan vətəndaşı Samir Tahirov yaxın vaxtlarda Vətənə qayıdacaq.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat yayıb.
Məlumatda deyilir ki, S.Tahirov ilk olaraq Xarkovdakı Balakleya Klinik Xəstəxanasına yerləşdirilib. O, iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi qiymətləndirilib. S.Tahirov martın 18-də humanitar dəhliz vasitəsilə xüsusi təcili tibbi yardım avtomobili ilə Moldovaya təxliyə edilib, bu ölkənin paytaxtı Kişineudakı xəstəxanalardan birinə yerləşdirilib.
O, əlavə iki cərrahi əməliyyat keçirib, həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, aprelin 1-də təcili tibbi yardım təyyarəsi ilə Türkiyənin paytaxtı Ankaraya aparılaraq Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Türk həkimlərin səyləri nəticəsində S.Tahirov sağlamlığına qovuşub. Son həkim komissiyasının qərarından sonra onun ölkəyə göndərilməsi gözlənilir.
Sürücünun Türkiyəyə nəqli və müalicəsi xərclərini ABADA qarşılayıb.