Türkiyəyə ərə gedən azərbaycanlı qadınların sayı artıb.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadınların sayı 2020-ci illə müqayisədə 20% və ya 405 nəfər artaraq 2 400 nəfərə çatıb.
Türkiyə vətəndaşları ilə ailə quran əcnəbi qadınlar arasında azərbaycanlı qadınlar 2-ci sırada qərarlaşıb. İlk sırada Suriya vətəndaşı olan qadınlar yer alıb. 2021-ci il ərzində Suriya vətəndaşı olan 3 449 qadın Türkiyə vətəndaşı olan şəxslərlə ailə qurub.
Növbəti yerlərdə 2 400 nəfərlə Azərbaycan, 2 328 nəfərlə Özbəkistan, 1 215 nəfərlə Almaniya, 1 984 nəfərlə Mərakeş, 1 201 nəfərlə Rusiya, 1 049 nəfərlə Türkmənistan, 895 nəfərlə Ukrayna, 787 nəfərlə Qırğızıstan vətəndaşları gəlir.
Ötən il Türkiyə vətəndaşı olan qadınlarla evlənən azərbaycanlı kişilərin sayı da artıb. Son bir il ərzində Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı kişilərin sayı 23% və ya 33 nəfər artaraq 175 nəfərə çatıb. Azərbaycanlılar bu göstəriciyə görə 5-ci sırada qərarlaşıblar. Türkiyə vətəndaşı olan qadınlarla ən çox Almaniya (1 254 nəfər), Suriya (1 031 nəfər), Avstraliya (272 nəfər) və Əfqanıstan (210 nəfər) vətəndaşı olan kişilər evlənib.
Son 13 ildə Türkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların və Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı belə olub:
İllər | Türkiyəyə ərə gedən Azərbaycan vətəndaşı olan qadınların sayı, (nəfər) | Türkiyə vətəndaşı ilə evlənən Azərbaycan vətəndaşı olan kişilərin sayı, (nəfər) |
2021 | 2 400 | 175 |
2020 | 1 995 | 142 |
2019 | 2 743 | 124 |
2018 | 3 194 | 124 |
2017 | 2 790 | 118 |
2016 | 2 170 | 115 |
2015 | 1 653 | 85 |
2014 | 1 596 | 65 |
2013 | 1 577 | 90 |
2012 | 1 562 | 73 |
2011 | 1 294 | 64 |
2010 | 1 060 | 75 |
2009 | 1 012 | 54 |
CƏMİ | 25 046 | 1 304 |