Gəncə şəhərində zorlanaraq hamilə qalan sağlamlıq imkanları məhdud qız övladının dünyaya gəlməsini istəmir. Bu barədə Oxu.Az-a zərərçəkmiş 17 yaşlı R.A. bildirib.
Onun sözlərinə görə, hadisə ötən ilin avqust ayının əvvəlində, anası ilə bacısı göz həkimində olarkən baş verib: “Mən də evdə tək idim. Küçəyə su almağa çıxmışdım. Qayıdanda qonşu, 62 yaşlı Rəşidin məni izlədiyini hiss etdim. Evə çatanda o, ardımca girdi, qolumdan tutub, döydü və zorladı”.
Qız deyir ki, o, hamilə olduğunu aylar sonra bilib: “Həkim mənə və anama öd kisəmdə problem olduğunu dedi. Yanvar ayında hamilə olduğumu bildik və polisə məlumat verdik. Gəncədəki ekspertizadan sonra yeni rəyin alınması üçün Bakıdakı həkimlərə müraciət olundu. Amma ekspertizanın rəyi hələ də, gəlməyib. Artıq yeddi aylıq hamiləyəm və uşağı istəmirəm. Hamiləliyin sonlandırılması üçün həkimlərə verəcək pulumuz yoxdur”.
Baş Prokurorluq qonşusu tərəfindən zorlanan qız barədə açıqlama verib. Qurumdan bildirilib ki, qeyd edilən faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi üzrə istintaq aparılır.
“Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyinin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb”.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidən bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb:
“Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb. Bu gün azyaşlının psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədi ilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ailəyə səfər edəcəklər”.
Qeyd edək ki, ailə acınacaqlı vəziyyətdə yaşamasını əks etdirən görüntüləri də təqdim edib.