Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir?

 28-04-2023

“Hamilə olan zaman qızılcaya yoluxma ciddi fəsadlara səbəb ola bilər”.

Milletinsesi.info xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, vaksin zamanında olunmadığı üçün qadınlar hamilə olan zaman bu xəstəliyə yoluxa bilərlər:

“Zamanında peyvənd olunmaq lazımdır. Xəstəliyi hər bir fərd fərqli keçirə bilər. Buna görə də vaxtında həkimə müraciət edilməlidir. Bu xəstəlik yüksək yoluxuculuğa malikdir. Qızılcadan qorunmağın ən doğru yolu peyvənddir”.

Y.Qarayeva əlavə edib ki, ölkəmizdə bu xəstəlik nəzarət altındadır: “Qonşu ölkələrdə vəziyyət gərgindir. Çünki vaksinlə bağlı problemləri var. Bizdə isə hər hansı bir problem yoxdur. Uşaqlar yuxarı yaşda vaksin vurulanda xəstəliyi ağır keçirirlər”.

Həkimin sözlərinə görə, vaksindən öncə müayinələr edilməlidir: “Vaksin vaxtında vurulmalıdır. Vaksin xəstəlikdən qorunmağın ən doğru yoludur. TƏBİB-in tabeliyində olan bütün yerlərdə uşaqlar üçün peyvənd otaqları var. Vaksinlərin saxlanılması və tətbiqi üçün şərait yaradılıb. Mütəmadi olaraq yoxlanılır”.

Onun sözlərinə görə, uşaqlara qızılcaya qarşı vaksin vaxtında vurulmalıdır: “Qızılca yeni xəstəlik deyil. Hər kəsin bu xəstəlik haqqında məlumatı var. Vaksin 1 yaşında olan uşaqlara vurulub. Son zaman yaranan problemin səbəbi koronavirus pandemiyası dövründə rutin vaksinasiya ilə bağlı tibbi əlçatanlığın zəifləməsidir”.

Y.Qarayeva qeyd edib ki, qızılcaya böyük yaşlarda yoluxan insanlarda ağır fəsadlara yol aça bilər: “Buna görə də vaxtında vaksinasiya olunmaq məsləhətdir. Həkim məsləhəti olmadan da müalicə olmaz”.

Bənzər yazılar

0.45574188232422