Britaniya baş nazirinin elçisi Bakıya təşrif buyurub: Azərbaycanın mövqeyi güclənir

 09-03-2022

Beynəlxalq münasibətlər sistemində Azərbaycanın tutduğu mövqe getdikcə güclənir.

Avropa bazarlarında Azərbaycan qazına ehtiyac hər keçən gün artır, Azərbaycanın istər siyasi mövqeyi, istərsə də yerləşdiyi coğrafiya rəsmi Bakının əhəmiyyətini artırır.

Bu mənada son zamanlar dünya liderlərindən Britaniyanın baş naziri Boris Consonun, Fransanın Prezidenti Emmanuel Makronun İlham Əliyevə ünvanladığı məktublar, qarşılıqlı telefon zəngləri Azərbaycan Prezidentinin və dövlətin nüfuzundan xəbər verir.

Azərbaycan dövlətinin nüfuzunun, beynəlxalq arenada yerinin və rolunun artması fonunda Azərbaycanın bir neçə ölkə ilə diplomatik əlaqələrinin yaranmasının 30 illiyi qeyd olunur.

Bu münasibətlə Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakıda səfərdədir, o, Prezident İlham Əliyevin qəbulunda olub.

Bundan əvvəl isə, martın 8-də İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı bu il Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib.

Bu müddət ərzində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub.

Bu dəfə isə Britaniya baş nazirinin elçisi Bakıya təşrif buyurur. Bu səfər Bakı-London əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq baxımından önəmlidir.

Azərbaycan və Birləşmiş Krallıq arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

Birləşmiş Krallıq Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkədir. Sərmayələrin həcmi 30,6 milyard ABŞ dollarıdır. Azərbaycan isə Birləşmiş Krallığa 2,4 milyard ABŞ dolları həcmində sərmayə yatırmışdır.

Azərbaycanda 600 yaxın Britaniya şirkəti qeydiyyata alınıb.

Aqil Vəlili

Bənzər yazılar

0.20633602142334