Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov, həmçinin qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Orxan Səmədov çıxış edib.
Prokuror Nizami Şirinovun 12 il, Elcan Abdullayev və Nadir Tahirovun 11 il azadlıqdan mərhum edilməsini, Elman Tahirovun isə barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini istəyib.
Dövlət ittihamçısı qeyd edib ki, zaminə buraxılmış Elcan Abdullayev və Nadir Tahirov məhkəmə zalından həbs olunmalıdırlar.
Çıxışda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının da müsadirə olunması qeyd olunub.
Qeyd edək ki, Nizami Şirinovun həmin vəzifədə çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub. Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.