FHN “Mi-17”nin təmirinə 659 min manat xərcləyəcək – Son 25 ildə “Mi-17” qəzaları

 03-06-2025

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsi Rusiyanın Milli Aviasiya Xidməti Şirkəti (“Национальная Авиационно-Сервисная Компания”) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, müqavilənin şərtlərinə görə, Rusiya şirkəti FHN-in Aviasiya Dəstəsinə məxsus “Mi-17-1V” tipli helikopterdə 2 ədəd sükan vintinin, 2 dəst aparıcı vint pərlərinin, 1 ədəd baş reduktorun və 1 ədəd aparıcı vint kalonkasının istismar müddətlərinin artırılması xidmətini göstərəcək.

Məlumata görə, bu xidmətin qarşılığında FHN Rusiya şirkətinə 659 min 368 manat ödəyəcək. İşlərin bu ilin sonunda başa çatacağı bildirilir.

Məlumat üçün bildirək ki, 1977-ci ildən istehsal olunan hərbi təyinatlı “Mi-17” helikopterlərindən dünyanın onlarla ölkəsində istifadə edilir.

Onu da qeyd edək ki, “Mi-17” helikopterləri ən çox qəzaya uğrayan hava nəqliyyat vasitələrindən biri hesab olunur. Bu helikopter Azərbaycanda da 2 dəfə qəzaya uğrayıb.

11 fevral 2013-cü ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin “Mi-17”si Xəzər dənizinə düşüb, 3 nəfər həlak olub.

30 noyabr 2021-ci ildə isə  Azərbaycan Dövlət Sərhəd Xidmətinin “Mi-17” helikopteri Xızıda qəzaya uğrayıb və 14 nəfər yüksək rütbəli hərbçi ölüb, 2 nəfər isə yaralanıb.

Bənzər yazılar

0.070625066757202