Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.
MillətinSəsi.İnfo xəbər verir ki, məruzəni daxili işlər nazirinin birinci müavini, general-leytenant Seyfulla Əzimov təqdim edib.
İllik məlumatda qeyd olunub ki, ötən il 91 nəfər insan alverinin qurbanı olub. Bildirilib ki, hesabat ilində 206 insan alveri cinayəti qeydə alınıb. Həmçinin vurğulanıb ki, ötən il 3 Azərbaycan vətəndaşı xaricdə insan alverinə görə həbs edilib. Bundan başqa, 773 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkarlanıb. Məruzə zamanı diqqətə çatdırılıb ki, İnsan alverinə qarşı mübarizəylə əlaqədar yeni Milli Fəaliyyət Planı hazırlanaraq rəy verilməsi üçün müvafiq qurumlara təqdim olunub.
Ötən il sosial şəbəkələrdə fahişəliyə cəlb etmə maddəsi ilə 6 cinayət işi başladılıb. Əlavə olunub ki, informasiya texnologiyalarının ("WhatsApp", "TikTok", "Instagram", "Telegram" sosial şəbəkələrində) tətbiqi ilə törədilmiş 44 (-14) müvafiq fakt da aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4 (+1), 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6 (+4), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 (+1) cinayət işi başlanılıb. Diqqətə çatdırılıb ki, insan alverində təqsirləndirilən 11 nəfərin interpol kanalları ilə beynəlxalq axtarışları davam etdirilir. Həmçinin, 616 azyaşlı hüquqazidd əməllərə təhrik edildiyinə görə 354 valideyn haqqında qanunauyğun tədbirlər görülüb.
2024-cü ildə insan alveri qurbanlarının respublikanın rayon və şəhərləri üzrə bölgüsü də məlum olub. Bakıda 19, Gəncədə 8, Ağcabədi və Abşeronda 5, Lənkəranda 4, Beyləqan, Bərdə, Biləsuvar, Qubada 3, Şamaxı, Şirvan, Sumqayıt, Sabirabad, Mingəçevir, Füzuli, Xaçmaz, Göygöl, Xocavənddə 2, Astara, Ağdaş, Ağstafa, Ağsu, Tərtər, Tovuz, Qax, Siyəzən, Naxçıvan, Cəlilabad, Kürdəmir, Goranboy, Şəki, Şabran, Şəmkir, Göyçay, Yevlax, Ucar, Gədəbəy və Zərdabda isə 1 nəfər insan alveri qurbanı müəyyən edilib.
Bundan başqa, daxili işlər nazirinin birinci müavini, general-leytenant Seyfulla Əzimov bildirib ki, 2025-ci ildə insan alveri ilə məşğul olan 124 sosial şəbəkə hesabı bağlanıb.
O bildirib ki, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq cinayət aşkarlanıb və cinayət işi başladılıb:
"Eyni zamanda, ötən il insan alverinin təbliğatı ilə məşğul olan 156, cari ilin geridə qalan vaxtında isə 124 "Telegram", "Instagram" və "TikTok" hesabı bağlanıb".
Qeyd edək ki, ötən il 91 nəfər insan alverinin qurbanı olub.
Daha sonra müzakirələr başlayıb. Deputatlar illik məlumat barədə rəy və təkliflərini səsləndiriblər.
Deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib ki, dövlət xüsusi mexanizmi tətbiq etməlidir, internat məktəbi yaratmaq olar: “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına qeyd olunur ki, reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən 616 azyaşlı müəyyən edilib, onları hüquqazidd əməllərə təhrik edən 354 valideyn barədə tədbirlər görülüb. Uşaqlarını dilənçiliyə sövq edən hansı valideyn olar? O uşaqları həmin valideynə qaytardınsa, deməli, onlar yenə də bu fəaliyyətə yönləndiriləcəklər. Küçədə dilənçilik edən uşaq tutuldusa, dərhal ora göndərilməlidir və valideynin əlindən alınmalıdır. O uşaqlara dövlət sahib çıxmalı, yenidən küçəyə qayıtmasına imkan tanımamalıdır. Sosial şəbəkədə də gördük, bir-birinə fiziki xəsarət yetirən dilənçi uşaqların polis qayğısına qalır, davanı yatızdıra bilir. Amma bu, çıxış yolu deyil axı!”, - deyə millət vəkili qeyd edib.
Sonda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, "İnsan alverinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir.