Binəqədidə məktəb direktoru ilə bağlı İDDİALAR: Sinif otaqları icarəyə verilir?

 15-05-2025

Bakının Binəqədi rayonunda yerləşən 248 nömrəli orta məktəblə bağlı ciddi iddialar sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Oxu.Az xəbər verir ki, iddialarda məktəb direktorunun sinif otaqlarını qanunsuz olaraq icarəyə verdiyi və işə gəlməyən müəllimlərdən rüşvət aldığı vurğulanıb.

Sosial şəbəkələrdə 248 nömrəli məktəbin direktorunun və direktor müavininin dərs saatlarını pul müqabilində satması, dərsə gəlməyən şagirdlərdən 1500-2000 manat məbləğində pul tələb etməsi, həmçinin attestatları 20-30 manat müqabilində satması ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Xəyyam Fərəcov Oxu.Az-a açıqlamasında bildirdi ki, yayılan məlumatın heç bir əsası yoxdur.

"Həmin saxta profillə yazan şəxsi tanıyırıq. Əvvəllər bizim məktəbdə tarix müəllimi işləyib. 1961-ci il təvəllüdlü xanımdır. 2022-ci ildə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. İndi də məktəbin nüfuzuna xələl gətirmək üçün saxta profillə məktəblə bağlı böhtan xarakterli məlumatlar yazır. Əgər yazılan iddiaları sübuta yetirəcək hər hansı fakt varsa, buyurub onu təqdim edə bilər. Qanunvericilikdə vətəndaşların istənilən məsələ ilə bağlı müraciət etmə qaydaları var. Həmin qaydalara əsasən, istənilən şəxs adı, soyadı, imzası və faktları göstərməklə aidiyyəti yerlərə müraciət edə bilər. Hər hansı bir iddia varsa, onu gərək sübut edə biləcək dəlil olsun əlində. Belə bir şey yoxdur axı. Bir daha bildirmək istəyirəm ki, yazılan iddiaların heç bir əsası yoxdur, ola da bilməz", - deyə X.Fərəcov bildirib.

Sorğumuzu həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) yönəltdik. Qurumdan Oxu.Az-a cavab olaraq bildirildi ki, təhsil müəssisələrində qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir.

"Təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, 146-1 saylı telefon vasitəsilə Çağrı Mərkəzinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq anonim məlumatlar istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür", - deyə məlumatda bildirilir.

Deyilənlərin nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək məqsədilə Baku TV sözügedən məktəbdə olub.

Bənzər yazılar

0.063948154449463