Mayın 5-i Xalq artisti Adil İsgəndərovun doğum günüdür.
MillətinSəsi.İnfo xatırladır ki, A.İsgəndərov 1910-cu il mayın 5-də Gəncə şəhərində anadan olub.
Teatr Texnikumu və A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib.
1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmir ki, bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçilir və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaradır.
Rejissor debütü olan "Polad qartal" (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsl heyrət doğurur. Bir-birinin ardınca Adil İsgəndərov "Platon Kreçet", "Həyat", "Vaqif" tamaşalarına quruluş verir.
1966-cı ilə qədər kinoda aktyor kimi çalışıb. İlk dəfə Hüseyn Seyidzadə Adil İsgəndərova "O olmasın, bu olsun" filmində "Qoçu" rolunu verib.
1958-ci ildə "Uzaq sahillərdə" filmində "Sahibkar Rosselini"nin rolunu böyük istedadla yaradıb.
Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi "Axırıncı aşırım" filmində yaratdığı "Kərbəlayı İsmayıl" idi. Adil İsgəndərov bu roluna görə Ümumittifaq festivalının "Kişi rolunun ən yaxşı ifasına görə" nominasiyasının qalibi olmuşdu.
Adil İsgəndərovun quruluş verdiyi yeganə film "Əhməd haradadır?" olub.
Onun kinoda son aktyor işi isə "Arxadan vurulan zərbə" filmindəki "Prokuror Dadaşlı" obrazıdır. Bu obrazla aktyor nə qədər böyük istedad sahibi olduğunu bir daha təsdiqləyib.
Adil İsgəndərovun yaradıcı irsi, doğrudan da, əsl məktəbdir. Bu məktəbin yetirmələri hələ neçə-neçə illər kinomuzu, teatrımızı yaşatmaq qüdrətinə malikdirlər.