Zərifə xanım Əliyeva - Fədakar Azərbaycan alimi

 28-04-2025
Aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azzərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü tamam olur.
 
Zərifə xanım 1923-cü ildə qədim Naxçıvan torpağının Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır.
 
Atasının ömür yolu sonradan onun üçün əsl həyat məktəbinə çevrilib. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, bütün mənalı ömrünü Vətənin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummili lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi.
 
Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri, yaxşı bir təcrübə kimi, ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda onun köməyinə çatıb. O, Ulu öndərimizə mənəvi dayaq olub. Zərifə xanım Əliyeva 1947-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
 
Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutuunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kefadrasının müdiri vəzifəsində çalışıb.
 
İnsanlara bitib-tükənməyən sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan, gözlərə işıq, nur bəxş edən, Vətən təəssübünü bütün duyğulardan üstün tutmağı bacaran, özünün fitri istedadı ilə elmin, insanlığın ən yüksək zirvəsinə ucalan akademik Zərifə xanım Əliyeva bu ecazkar xüsusiyyətləri ilə həm müasir gənclərə, həm də gələcək nəsillərə nümunə göstərdi, örnək oldu.
 
Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır.
 
Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır.
 
İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
 
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur.
 
Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir.
 
Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Çünki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
 
 
Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir neçə-neçə əsərinin mövzusuna çevrilir.
 
Təbabətdə öz dəsti-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarınnı yolunu işıqlanıdırır.
 
Sahilə Rafiq qızı İbrahimova

ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili
kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Bənzər yazılar

0.064440011978149