Mobil telefon və “ağıllı” saat aşkar edilən şagirdlər imtahandan çıxarılıb

 20-04-2025

Bu gün ölkənin bəzi şəhər və rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

MillətinSəsi.İnfo DİM-in yaydığı məlumata istinadla xəbər verir ki, imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər olub.

“İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.

Aprelin 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək”, - məlumatda deyilir.

Bənzər yazılar

0.062916994094849