Çarli Çaplinlə Qəmbər Hüseynlini bir-birinə NƏ BAĞLAYIR? – Maraqlı TARİXÇƏ

 16-04-2025

Bu gün dahi Amerika rejissoru, aktyoru və ssenari müəllifi Çarli Çaplin kimi tanınan Çarlz Spenser Çaplinin doğum günüdür. O, 1889-cu ilin 16 aprelində İngiltərənin paytaxtı Londonda dünyaya gəlib. Çaplin yaratdığı Şarlo obrazı, “Qızılaxtaranlar”, “Sirk”, “Böyük şəhərin işıqları”, “Yeni dövrlər” filmləri dünya kinematoqrafiyasının ən qiymətli inciləri sayılır.

Bu gün həm də tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin anadan olduğu gündür. O bir çox mahnı və romansların müəllifi olsa da ona dünya şöhrəti gətirən “Cücələrim” mahnısıdır.

Bu mahnı yarım əsrdən çox müddətdə bütün dünyanı gəzib, dillər əzbəri olub. Mahnı indiyədək 100-dən çox xarici dildə səslənib, 148 xalqının dilinə tərcümə olunub. 

Sənətşünasları yekdil rəyinə görə, indiyə kimi "Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci Azərbaycan mahnısı olmayıb. Qəmbər Hüseynlinin şair Tofiq Mütəllibovun sözlərinə yazdığı bu mahnı 1948-ci ildə ərsəyə gəlib. Ərsəyə gəldiyi vaxtdan qısa müddət sonra bu mahnı nəinki keçmiş SSRİ-də, hətta dünyada məşhur oldu. Bütün rəsmi tədbirlər, rəsmi qarşılanmalar bu mahnının sədaları altında keçirilirdi.

Bəs, Çarli Çaplinlə Qəmbər Hüseynlini bağlayan nə idi?

Baxmayaraq ki, hər iki fenomen eyni bürc altında və eyni gündə dünyaya gəlmişdilər. Amma onları bağlayan səbəb bu deyil. Səbəb odur ki, Çarli Çaplin Qəmpər Hüseynli yaradıcığının vurğunu idi.

Bununla bağlı bir faktı diqqətə çatdırmaq istəyirik.

Belə ki, 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri necə aşmasının çox gözəl təcəssümü idi.

Bu hadisəyə canlı şahidlik edən Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutaraq deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin, onun əllərindən öpdüyümü deyin!"

Amma Çarli Çaplinin xəbəri olmur ki, həmin “bəxtəvər” bəstəkar Qəmbər Hüseynli bəstələdiyi mahnılara görə həbsə atıblar. Sapı özümüzdən olan “baltaların” təşəbbüsü və ermənilərin təşkilatçılığı ilə səbəbsiz yerə həbsə atılan bəstəkar orada ağır xəstəliyə yoluxur. Bu xəstəlik səbəbi ilə iki il sonra vəfat edir.

Bütün dünyanı heyran buraxan bu mahnıya görə ittiham olunan Qəmbər Hüseynliyə müstəntiqlər irad tuturlar ki:

“Bu "Cücələrim" nədir? Sən fəhlə sinfini qoyub cücələrə mahnı yazırsan. Bu bizim ideologiyamıza ziddir”.

Qəmbər Hüseynli də özünü itirmədən cavab verir:

“-Siz niyə dərd çəkirsiz? O cücələr böyüyüb toyuq olacaq, sonra yumurta qoyacaq, fəhlələr də yumurtadan yeyib qüvvətlənəcəklər və daha çox işləyəcəklər”.

Bəstəkarın bu sözündən əsəbləşən müstəntiqlər onu zindan atırlar. Təbii ki, bu cəzanın əsas səbəbi Qəmbər Hüseynlinin mahnılarındakı türk üslubu idi. Bu səbəbdən də ona da "xalq düşməni” damğası vurmağa çalışırdılar.

Bəstəkarın şah əsəri olan "Cücələrim” bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarından biridir.

Yeri gəlmişkən, Sovet cizgi filmi sənayesinin şedevrlərindən olan "Nu, poqodi!" silsilə cizgi filminin seriyalarından birində də bu mahnı məhz Azərbaycan dillində səslənib.

Haqsız təqib və təzyiqlər səbəbilə Qəmbər Hüseynli dünyadan çox erkən, 45 yaşında köçür... Bəstəkar 1961-ci il iyulun 31-də işıqlı dünyaya əlvida deyir.

Mənbə Bizim.Media

Bənzər yazılar

0.059973955154419