"Talassemiya işi" ilə bağlı tanınmış həkimlər məhkəməyə çağırılacaqlar

 09-04-2025

Talassemiyalı uşaqların müalicəsi üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə həbs edilən Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfinin təqdim etdiyi bütün şahidlər dindirilib.

Prosesin davamında Aynur Bayramovanın səhhəti ilə bağlı ev dustaqlığına buraxılması istənilib. Vəsatət bu dəfə də təmin edilməyib. 

Əvvəlki prosesdə zərərçəkmişlər işdə adı keçən üç həkimin əlavə şahid kimi dindirilməsini istəmişdi. Bunlar Mərkəzi Gömrük Hospitalının cərrahı Mir Cəlal Kazımi, hadisə baş verən vaxt Talassemiya Mərkəzinin baş həkimi işləmiş Xuraman Cəfərova, mərkəzin ovaxtkı direktoru Valeh Hüseynovdur. 

Bu gün istintaq materiallarının tədqiqinə keçməzdən əvvəl xanım müttəhimlər həmin vəsatəti yada salıblar. Onlar sözügedən şəxslərin dindirilməsinin vacib olduğunu deyiblər.

Məhkəmə təqsirləndirilən şəxslərin təklifi ilə razılaşıb. Hakim Azad Məcidov həkimlərin dindirilməsini iş üçün əhəmiyyətli hesab edib.

Qərara alınıb ki, Mir Cəlal Kazımi, Xuraman Cəfərova və Valeh Hüseynov gələn həftə üçün məhkəməyə çağırılsın. Onların iştirakını təmin etmək üçün proses təxirə salınıb.

Prosesdə zərərçəkən Ramin İsmayılov Nuridə Seyidova və Aynur Bayramovaya qarşı 15 min dollar mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib.

Proses aprelin 16-da davam edəcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində də həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.

Bənzər yazılar

0.062397003173828