1 milyon itirən eks-məmur oğlu dindirildi - “Mənimlə görüşəcəyi gün həbs olundu”

 23-04-2025

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə 1 milyon 300 min dollarının ələ keçirilməsi ilə bağlı məhkəmədə ifadə verib.

“Qafqazinfo”nun məlumatına görə, Babək Məmmədzadə Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Bu iş üzrə 33 yaşlı birjaçı Nizami Alışan mühakimə edilir. İttihama görə, Nizami Babək və digər iki nəfərin investisiya saytındakı 4 milyon manatını ələ keçirib.

Babək Məmmədzadə ifadəsində deyib ki, ixtisasca diplomatdır. Xeyli vaxtdır Türkiyədə yaşayır, orada tikinti işi üzrə sahibkardır. Nizami ilə 20 ildən çoxdur tanışdır, orta məktəbdə bir sinifdə oxuyublar. Zərərçəkmiş Nizaminin birja işlərində bacarıqlı olduğunu etiraf edib, bu səbəbdən onunla iş görüb: “2021-ci ilin əvvəlindən birlikdə işləməyə başladıq. Dedi ki, yaxşı fürsətlər var, pul qoy, pul götür. Mən də razılaşdım. Əvvəlcə 100 min qoydum. Bir neçə aya 1 milyon 300 min dollar etdi. Amma o pulu götürə bilmədim. 2023-cü ilin əvvəlində artıq şübhələnməyə başladım. Bundan sonra bir müddət də müxtəlif bəhanələrlə məni aldatdı. Gah saxta elektron poçt ünvanları göndərdi, gah dedi pulu başqa şirkətə köçürüb. Məcbur qalıb şikayət etdim. Mənimlə görüşəcəyi gün də onu həbs etdilər. Nizami sinif yoldaşım idi, ağlımın ucundan keçməzdi ki, məni aldadar”.

Fotoda: Məhəmməd Məmmədov

Hakim Vüqar Quliyev zərərçəkmişdən investisiya şirkətinə qoyduğu pulları necə qazandığını soruşub, həmin pulun onda olub-olmamasını dəqiqləşdirmək istəyib. Zərərçəkmiş isə həmin pulları dostlarından götürdüyünü, şəxsi avtomobilində Nizamiyə verdiyini deyib. 

Təqsirləndirilən şəxsin vəkili Samir İsayev isə Babəkdən müvəkkili ilə hansı şərtlə razılaşdığını soruşub.

“Demişdi aylıq qazancın yarısı sənin olacaq. Düzdür, əvvəl təklif etdi ki, istəyirsənsə, daha yüksək faizlə riskli yatırım edək. Amma mən razılaşmadım. Dedim ki, az olsun, amma riskə atmayaq”, - deyə o cavab verib.

Fotoda: Nizami Alışan

Zərərçəkmişdən sonra təqsirləndirilən şəxs bu epizod üzrə sərbəst ifadə verməyə başlayıb. Nizami sinif yoldaşının dediklərini qəbul etməyib, Babəkin pullarını qaytardığını bildirib: “Babək deyirdi ki, mənə maksimum qazanc ver. Mən onun özünün qoyduğu pulun hamısını qaytarmışam. O isə daha çox pul istəyirdi. Mən dələduz deyiləm. Babək ali təhsilli insandır. Amma hər bir ağıllı insan bilir ki, investisiyada risk var. Birjaya heç kim 100 faiz zəmanət verə bilməz. O özü də bunu bilir. Babəklə Zeynal Usubov və Yadigar İsrafilov tanış idilər. Onları da mənimlə Babək tanış etmişdi”.

Məhkəmədə Nizami Alişan zərərçəkmiş Babək Məmmədzadənin aldadılması epizod üzrə sərbəst ifadə verib. Deyib ki, Babək Məmmədzadə düzgün danışmır, onun pullarını özünə qaytarıb.

İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən 3 nəfərin 3 milyon dollara yaxın pulu ələ keçirilib.

Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.

İstintaqın qənaətinə görə Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib. Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir. Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.

Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Nizami Akif oğlu Alışan cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq dövründə zərərçəkmişlərin hər biri Nizami Alışanla üzləşdirilib, əməlini üzünə deyiblər. Zərərçəkmişlərdən Babək Məmmədzadə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib. Yadigar İsrafilovun adı isə bu cinayət işindən dolayı ictimaiyyətin diqqət mərkəzinə gəlib.

Xatırladaq ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Zeynal Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur.

Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.

Proses mayın 12-də davam edəcək.

Növbəti iclasda müttəhim digər epizodlar üzrə də ifadə verəcək.

Qeyd edək ki, bu cinayət işi üzrə Nərimanov rayon prokurorunun sabiq müavini Zeynal Usubov və Yadigar İsrafilov da zərər çəkib. Z.Usubov artıq məhkəmədə dindirilib.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir.

Bənzər yazılar

0.060383081436157