Əvəz Zeynallı HƏBSDƏ QALIB

 21-09-2022

Rüşvət almaqda təqsirləndirilərək saxlanılan "Xural" internet kanalının baş redaktoru Əvəz Zeynallının ev dustaqlığına dair verilən vəsatətə baxılıb.

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyilə keçirilən məhkəmə iclasında Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilməyib.

Qərara əsasən Ə.Zeynallı ev dustaqlığına buraxılmayıb.

Xatırladaq ki, "Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı vəkil Elçin Sadıqovla birgə həbs olunmuşdu.

Rəsmi məlumatda bildirilib ki, aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

İstintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra vəkil Elçin Sadıqov apellyasiya şikayəti verib. Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqov barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayət qismən təmin edilib.

Məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsaslar olmadığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib. 

Bənzər yazılar

0.21212005615234