Hicran Hüseynova: “Sosial yardım insanları xarab edib, işləmək istəmirlər”

 21-09-2022

"Sosial yardım insanları xarab edib".

APA.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər:

"Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz".

Hicran Hüseynovanın bu sözləri əslində imkansız, sosial müdafiəyə ehtiyacı olan insanların aşağılanması, təhqir edilməsidir.  Guya işsiz vətəndaşlarımız qudurğanlıq edir, gedib işləyib deputat maaşının beşdən birini qazanmaqdansa, evdə oturub ailənin hər üzvünə 105 manat ünvanlı dövlət sosial yardımı almağı üstün tutur.

Əslində isə reallıq tamamilə başqa curdür. Vətəndaşa təklif edilən işin aylıkq maaşı 300-400 manat təşkil edir. Vətəndaş anlayır ki, bütün gününü sərf etdiyi və ayın sonunda aldığı 400 manatla ailəsini dolandıra bilməz. Ona görə də vətəndaş yardım almağa üstünlük verir ki, gedib qeyri-leqal işlə də məşğul olsun və nəhayət, ailəsini bir təhər dolandıra bilsin. 

Bu sadə həqiqəti Hicran Hüseynova başa düşə bilmir, yoxsa başa düşmək istəmir? Bu suala o, özü cavab versə daha yaxşı olar.

O ki qaldı hökumətin təklif etdiyi iş yerlərində maaşların aşaği olmasına, bunun da günahı hökumətin iqtisadi siyasətindədur. Əslində iş yerlərini biznes sahəsi təklif etməlidir. 

Bunun üçün isə ölkədə iqtisadi azadlıqlar bərqərar edilməli, inhisarçılıq aradan qaldırılmali - rəqabətli bazar formalaşmalı, mülkiyyətə zəmanət verilməli, şəffaflıq və hesabatlılıq təmin edilməli və ən nəhayət, məhkəmələr müstəqil olmalıdır ki, ölkədə zəngin iş yerləri təklif edən biznes mühitinə uyğun əmək bazarı yaransın.

Dövlət qurumlarının təklif etdikləri iş yerləri isə büdcədən maliyyələşdirildiyindən əmək haqqı məhdud xarakter daşıyır və bu işsizliyin qarşısını alan vasitə kimi səmərə verə bilməz.

Bənzər yazılar

0.25076198577881