Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Afaq Məsuda təqaüd Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə verilib.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Afaq Məsud — yazıçı, dramaturq, əməkdar incəsənət xadimi (2003), 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), 1991-ci ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Afaq Məsud 1957-ci ilin 3 iyununda Bakıda anadan olub. 1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında redaktor, redkollegiyanın üzvü, 1986-1988-cu illərdə “Azərbaycantelefilm”də direktor vəzifələrində çalışıb.
Əsasən romanlar və hekayələr müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib.
Q.Q.Markesin “Patriarxın payızı”, T.Vulfun “Dünyanın hörümçək toru” romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin “Mövcudluq haqqında həqiqət”, Ə.Qəzalinin “Səadət iksiri”, “Oğluma məktub”, “İlahi bilik”, İbn Ərəbinin “Məkkə açıqlamaları” və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
“Can üstə”, “O məni sevir”, “Yol üstə” pyeslərinin müəllifidir. Əsərləri əsasında “Sərçələr”, “Qonaqlıq”, “Gecə”, “Cəza” televiziya filmləri çəkilib.
2000-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan “Avropa şərqşünaslığında qadın yazarlar”).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin nəvəsidir.
Yazıçı Məsud Əlioğlunun qızıdır.