Mariana Vasileva vəzifəsindən azad olundu

 16-01-2025

Gənclər və idman naziri Fərid Qayıbovun müavinlərindən biri vəzifəsini itirib.

“Qafqazinfo.az”ın məlumatına görə, Mariana Vasileva tutduğu vəzifədən azad olunub. 

Xatırladaq ki, M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunmuşdu.   

Mariana Toteva Vasileva 1974-cü il iyulun 6-da anadan olub. Müqəddəs Kiril və Mefodiy adına Veliko Tarnovo Universitetini bədən tərbiyəsi və idman ixtisası üzrə bitirib.

2013-cu ildə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. 2015-ci ildə Birinci Avropa Oyunlarında əldə etdiyi nəticələrə görə, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”, 2019-cu ildə isə Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomu ilə təltif edilib.

2001-2003-cü illərdə bədii gimnastika üzrə Türkiyə milli komandasında, 2003-2008-ci illərdə Bolqarıstanın “Levski” (Sofiya) idman klubunda, 2004-2008-ci illərdə isə bədii gimnastika üzrə Bolqarıstan milli komandasında məşqçi olaraq fəaliyyət göstərib.

2009-cu ildən etibarən, Azərbaycan bədii gimnastika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Bənzər yazılar

0.065335035324097