Taksidə istifadə edilən xarici maşınların aqibəti necə olacaq?

 15-01-2025

Paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinin tam şəkildə yerli istehsal olan avtomobillərə keçəcəyi iddiası ilə müzakirələr davam edir. "NAZ lifan", "Khazar", "AzSamand", "Pegeot", "Chevrolet", iddiaya görə, hazırda istifadə edilən hibrid və elektromobil nəqliyyat vasitələri yavaş-yavaş sıxışdıracaq.

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, bu seçim taksi şirkətlərin öz ixtiyarındadır:

“Əslində, ayrı-ayrı şirkətlər öz taksi parkını formalaşdırarkən, hansısa yeniliklər edə bilər. Tutaq ki, avtomobil seçərkən eyni markanın, yaxud eyni dövlətin istehsalı olan maşınlara üstünlük verəcək. Yəni taksi şirkət hansı zavodun nəqliyyat vasitəsini alacağını özü müəyyən edir. Dövlətin bilavasitə bu məsələyə müdaxiləsi özəl sektora müdaxilə hesab olunardı. Konkret heç bir özəl şirkətin qarşısında şərt qoyula bilməz ki, öz nəqliyyat parkını mütləq Azərbaycan istehsalı maşınlardan təşkil et.

Bu, artıq qeyri-qanuni yanaşma olacaq. Şirkətlərə sadəcə tövsiyə edilə bilər ki, Azərbaycan daxilində istehsal edilən maşınlardan istifadə edilsin. Dövlət müəyyən kvota müəyyən edə bilər ki, taksi şirkətləri öz avtomobil parkında minimum 30, yaxud 40 faiz yerli maşınlara üstünlük versin. Məhz buna görə şirkət qərar verə bilər ki, Azərbaycanda yığılan maşınların alınmasına üstünlük verəcək, ya yox”. 

Ekspert qeyd edib ki, xaricdə istehsal edilmiş nəqliyyat vasitələrinin taksi xidmətində istifadəsi bundan sonra da davam edəcək:

“İkincisi, qiymət fərqi yarana bilər. Azərbaycanda istehsal olunan nəqliyyat vasitəsi məlum olduğu kimi, gömrük rüsumlarından azaddır və onun alış qiymətləri digər markalara nisbətən daha əlverişli ola bilər. Bu baxımdan şirkət özü birbaşa yerli istehsal maşınlara üstünlük verə bilər. Amma məncə, bu o demək deyil ki, başqa ölkələrin avtomobillərindən taksi xidmətində istifadə edilməyəcək. Bunun olması mümkün də deyil. Taksi fəaliyyəti ilə bağlı lisenziya almış sürücülər öz fəaliyyətlərinə davam edəcəklər”.

Bənzər yazılar

0.058063983917236