İtaliyanın kiçik Belkastro kəndində ağır xəstə olmaq qadağan edilib.
Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, bu barədə bələdiyyə Başçısı Antonio Torçia qərar imzalayıb.
Qərara əsasən, kənd sakinlərinə təcili tibbi yardım tələb edə biləcək hər hansı xəstəliyə yoluxmamaq əmri verilib.
Belkastro İtaliyanın ən yoxsul bölgələrindən biri olan Kalabriyanın cənub bölgəsində yerləşir. Bələdiyyə sədri bildirib ki, kəndin 1200 sakininin təxminən yarısı 65 yaşdan yuxarıdır və ən yaxın təcili yardım şöbəsi 45 km məsafədədir. O əlavə edib ki, şöbəyə yalnız sürət həddi 30 km/saat olan yolla getmək olar.
Kəndin növbətçi həkim məntəqəsi də ancaq arabir işləyir və həftə sonları, bayram günlərində və iş vaxtından kənar vaxtlarda fəaliyyət göstərmir. Torçia yolların demək olar ki, hər hansı digər xəstəlikdən daha çox risk olduğunu söylədi.
BBC yazır ki, Torçia qərarı "açıq yumoristik təxribat" adlandırıb. O bunun yerli səhiyyə sisteminin çatışmazlıqlarını vurğulamaq üçün regional hakimiyyət orqanlarına göndərdiyi təcili bildirişlərdən daha çox təsir etdiyini söyləyib.
Qərar çərçivəsində sakinlərə zərərli ola biləcək davranışlara yol verməmək, məişət qəzalarından çəkinmək, evdən tez-tez çölə çıxmamaq, səyahət etməmək və idmanla məşğul olmamaq,vaxtının çox hissəsini dincələrək keçirmək tapşırılıb.
Bu yeni qaydaların necə olacağı və ya tətbiq edilib-edilməyəcəyi bəlli deyil.
Qeyd edək ki, pis siyasi idarəçilik və mafya müdaxiləsi təxminən 15 il əvvəl mərkəzi hökumətin xüsusi idarəsi altında olan səhiyyə sistemini çökdürüb.
Roma tərəfindən təyin edilmiş komissarlar xəstəxanaların üzləşdiyi böyük borcun öhdəsindən gəlmək üçün mübarizə apardıqları üçün kalabriyalılar ciddi tibbi personal və çarpayı çatışmazlığı, habelə sonsuz gözləmə siyahıları ilə üzləşməyə davam edirlər.
2009-cu ildən bəri bölgədəki xəstəxanalardan 18-i bağlanıb. Nəticədə, Kalabriyanın 2 milyona yaxın sakininin təxminən yarısı bölgədən kənarda tibbi yardım axtarır.
Belkastro sakinləri yerli mətbuata verdikləri açıqlamada bələdiyyə sədri Torçianın düzgün addım atdığını bildiriblər.
"O, ciddi bir problemə diqqət çəkmək üçün təxribat xarakterli icra əmrindən istifadə etdi", - deyə kənd sakinləri söyləyib.
Billurə Yunus