Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Natiq Qasımovun doğum günüdür.
Bununla bağlı, Milli Qəhrəmanı Natiq Qasımovun doğum günü münasibətilə N saylı hərbi hissədə anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasim xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək, Natiq Qasımovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və igidliklərdən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı N.Qasımovun keçdiyi döyüş yolundan və şücaətlərindən bəhs edən film nümayiş etdirilib.
MillətinSəsi.İnfo xəbər verir ki, Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb.
Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə gedib.
1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşüb. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.
Gülləsi bitdikdən sonra əsir düşən Natiq ermənilər tərəfindən öldürülür.
Azərbaycan Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.