Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı istintaqın gedişi barədə Tokayevlə fikir mübadiləsi aparıb

 27-12-2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçıları Azərbaycan və Qazaxıstan vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı bir-birinə, həmçinin həlak olanların yaxınlarına başsağlıqlarını bildirib, yaralananlara tezliklə şəfa arzulayıblar.

Prezident İlham Əliyev, ilk növbədə, Qazaxıstan Prezidentinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirib.

Eyni zamanda, Azərbaycan Prezidenti Qazaxıstanın tibb personalına da təşəkkürünü çatdıraraq, onların xəsarət alanlara qayğı ilə yanaşmaları və peşəkarcasına tibbi xidmət göstərmələri ilə bağlı minnətdarlığını bildirib, yaralananların böyük hissəsinin artıq Vətənə döndüyünü və hələ də orada müalicə olunan Azərbaycan vətəndaşlarının olduğunu vurğulayıb.

Dövlətimizin başçısı bununla yanaşı, Qazaxıstanın sadə vətəndaşlarının da Azərbaycanla həmrəylik göstərərək, bu işlərdə verdikləri dəstəyin bir daha dost və qardaş xalqlarımızın bir-birinə nə qədər bağlı olmasının göstəricisi kimi dəyərləndirib, bunun Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd edib.

Öz növbəsində Kasım-Jomart Tokayev bildirib ki, təyyarə qəzasının araşdırılması ilə bağlı onun tapşırığı ilə dərhal xüsusi komissiya yaradılıb, "Embraer" şirkətinin nümayəndələri artıq Qazaxıstana gəliblər və araşdırma işlərində fəal iştirak edirlər.

Telefon söhbəti zamanı tərəflər istintaqın gedişi ilə bağlı fikir mübadiləsi aparıb və əmin olduqlarını bildiriblər ki, aparılan istintaqın nəticəsində qəzanın başvermə səbəbləri tam şəkildə araşdırılacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

 

Bənzər yazılar

0.059065103530884