Bu gün 2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə birinci oxunuşda təsdiqlənib.
Yeniavaz.com xəbər verir ki, qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
Müqayisə üçün bildirək ki, bu il yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat olub.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın Yeniavaz.com-a açıqlamasında deyib ki, yaşayış minimumunun 15 manat və ya 5,5% artırılması başa düşüləndir:
“Bildiyimiz kimi, açıqlanan son məlumata görə, ölkədə rəsmi inflyasiya 3,4% olub. Lakin, yaşayış minimumuna paralel olaraq yaşa görə müavinət də artırılmalıdır. Pensiyaçılar üçün yaşayış minimumu 232 manat olacaq. Yaşa görə müavinət alan şəxslərdə faktiki olaraq pensiya yaşına çatmış şəxslərdir və eyni zamanda heç bir yerdə işləməyən şəxslərdir.
Buna görə də yaşa görə müavinətin məbləği də yanvar ayının 1-dən ən azı yaşayış minimum səviyyəsində olmalıdır. “Yaşayış minimumu haqqında” Qanunun 1.0.2.-ci bəndində yazılır ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Həmin Qanunun 1.0.1.-ci bəndində isə yazılır ki, minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Qanunun tələblərindən də açıq şəkildə görülür ki, Azərbaycanda yaşayan hər hansı bir şəxsə sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə təmin edə bilmək üçün yaşayış minimumu həddində vəsait lazımdır. Bu vəsait bu il üçün 222 manat olub, gələn il də 232 manat olacaq. Belə olan halda yaşa görə müavinətin 220 manat olması başadüşülən deyil. Əgər, bir insan pensiya yaşına çatıb və 220 manat müavinət alırsa, heç bir yerdən də əlavə yardım almırsa, o zaman minimum səviyyədə yaşmağı üçün lazım olan əlavə 12 manatı haradan almalıdır?”
İqtisadçı ekspert qeyd edib ki, hazırda Azərbaycanda 152 mindən çox yaşa görə müavinət alan şəxs var:
“Yaşa görə müavinət alan şəxslərin sayı son illər sürətlə artır. Bu şəxslərin minimum səviyyədə yaşaya bilməsi üçün müavinətlərin məbləği yaşayış minimumuna uyğun olmalıdır. Yaşayış minimumu ilə bağlı artımlar yanvar ayının 1-dən etibarən qüvvəyə minəcəyi üçün yaşa görə müavinətlər də növbəti bir ay ərzində artırılmalıdır. Əks halda 152 mindən çox insanın minimum səviyyədə yaşaması sual altına düşəck”.
Elnur Əli