Azərbaycanda mediator olması qadağan edilən şəxslərin siyahısı GENİŞLƏNDİRİLİB

 22-05-2025

Azərbaycanda mediator olması qadağan edilən şəxslərin siyahısı genişləndirilib.

MillətinSəsi.İnfo President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Qanuna əsasən, din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son üç il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq-mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər mediator ola bilməzlər.

Həmçinin mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin istifadəsində ən azı iki otaqdan ibarət, Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır.

Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş il olacaq.

"Mediasiya haqqında" Qanunun 16.2-ci maddəsində göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə biləcək.

Xəbərdarlıq intizam tənbehi sayılmayacaq.

Mediasiya Şurası mediatorların və mediasiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tədbirlər görəcək.

Mediasiya təşkilatı mediatoru üç iş günü ərzində təyin edəcək.

Mediasiya tərəfləri "Mediasiya haqqında" Qanunun 36.7-ci maddəsində nəzərə tutulmuş hal istisna olmaqla mediasiya xərclərini ödəyəcəklər.

Bənzər yazılar

0.063489198684692