Prezident İlham Əliyev: "Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır"

 12-11-2024

"Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib: 

"Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi".

Dövlətimizin başçısı bildirib ki, 120 ölkənin dəstəyi ilə Azərbaycan BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib.

"Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik".

Dövlətimizin başçısı bildirib: "Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu. Həmin qətnamələr otuz il kağız üzərində qaldı. Biz həmin qətnamələrin tələblərini öz gücümüzlə icra etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik, Ermənistanın işğalına son qoyduq".

Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa girdiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar.

"Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Mənim sonuncu mesajım o dairələrədir ki, onlar, demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, "Azərbaycana xoş gəlmisiniz!.

Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək." - deyə dövlətimizin başçısı bildirib.

Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: "Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir. Onun imkanları dörd giqavat olacaqdır. Bu, yalnız başlanğıcdır. Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar, müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur.

"Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşıma yollarını dəyişib. Beləliklə, biz məhsuldar, çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq", - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb.

"İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi".

Bənzər yazılar

0.24301910400391