3 saylı uşaq evi ilə bağlı səslənən iddialar xüsusi nəzarətə götürülüb

 20-09-2024

Paytaxtın Xətai rayonunun Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən 3 saylı uşaq evində azyaşlının döyülməsi iddiası gündəmi zəbt edib.

Baku TV məsələ ilə bağlı adıçəkilən ünvanda olub. Lakin çəkiliş qrupuna müəssisəyə daxil olmağa icazə verilməyib. Buna səbəb olaraq isə ərazidə rəhbərlikdən heç kimin olmadığı bildirilib.

Bir müddət sonra isə Baku TV-nin əməkdaşları sözügedən uşaq evinin sakini olan Məhəmməd Abıyevin hücumuna məruz qalıblar.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Qurumdan bildirilib ki, bütün hüquqi addımlar atılacaq.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı  bildirib ki, yeniyetmənin səsləndirdiyi iddialarla bağlı araşdırmalara başlanılıb: "Xətai rayonunda yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 3 saylı Uşaq evində təhqirə və zorakılığa məruz qalan 13 yaşlı yeniyetmə oradan qaçıb. Yetkinlik yaşına çatmayan şəxs polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən digər sığınacağa yerləşdirilib. Onun səsləndirdiyi iddialarla bağlı müvafiq araşdırma aparılır".

3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən xüsusi nəzarətə götürülüb. Sosial Xidmətlər Agentliyindən bildirilib ki, 3 saylı uşaq evinin sakini Ramal Rəsulov özünün istəyinə əsasən mövcud psixoloji vəziyyəti nəzərə alınaraq artıq agentliyin digər müəssisəsinə yerləşdirilib. Hazırda agentlik və aidiyyəti qurumlar tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır.

Bildirilib ki, hazırda bununla bağlı araşdırma aparılır. Müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq:

"Məlumat üçün deyək ki, adıçəkilən müəssisə təxminən 1 aydır ki, hüquqi olaraq SXA-nın idarəetməsindədir. Sosial Xidmətlər Agentliyinin tabeliyində olan digər müəssisələrdə olduğu kimi bu müəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır".

"Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, artıq Agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılmaqdadır. Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ramal adlı yeniyetmə ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində uşaq evi haqqında ittihamlar səsləndirib.

Ramal adlı yeniyetmə qeyd edib ki, "8 gündür küçələrdə yaşayır. Buna səbəb isə müəllimlərin onları söyməsi, tapşırıq verərək uşaq evindəki digər uşaqlar tərəfindən döydürməsidir. Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır. O da belə şeylər edir", - deyə Ramal qeyd edib.

Bənzər yazılar

0.058097839355469