Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, direktor Çinarə Atayeva vəzifəsindən azad edilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat saytımıza təsdiq edilib.
Bildirilib ki, idarənin tabeliyində olan Ceyranbatan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bir müddət əvvəl övladı Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdən biri Oxu.Az-a müraciət edərək direktorun onun qızına işgəncə verməsi və müxtəlif bədən xəsarətləri yetirməsi barədə şikayət ünvanlamışdı.
Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin atası İlqar Məmmədov müraciətində bildirilib ki, Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Məmmədli Gülnar İlqar qızı həmin məktəbin direktoru Atayeva Çinarə Lazım qızı tərəfindən döyülüb:
“İşgəncə verilib və şagirdə müxtəlif bədən xəsarətləri yetirilib. Şagirdin döyülməsi, bədən xəsarətləri yetirilməsi barədə tibbi ekspertiza rəyi və baş sübutedici səs yazısı olduğuna baxmayaraq, şagirdin döyülmə hadisəsi Abşeron Rayon Polis İdarəsi və Abşeron Rayon Prokurorluğu tərəfindən gizlədilərək tədbir görülmür”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, aprel ayında vətəndaş İlqar Məmmədov “102” Zəng Mərkəzinə müraciət edərək övladının məktəbdə direktor tərəfindən döyüldüyü barədə məlumat verib:
“İstintaq zamanı fakt öz təsdiqini tapmayıb. Hadisə zamanı məktəbdə olan müəllimlər və şagirdin sinif yoldaşları dindiriliblər və döyülmə faktı müəyyən olunmayıb. Şagird məktəbə məktəbli formasında gəlmədiyi üçün direktor ona irad tutub.
Eyni zamanda, şagirdin telefonu valideyninə təqdim edilməsi üçün onun əlindən alınıb. Direktor dəfələrlə telefonu valideynlərə təqdim etmək istəsə də, valideynlər telefonun sındırıldığını iddia edərək bundan imtina ediblər. Araşdırma zamanı telefonun işlək vəziyyətdə olması da müəyyən edilib”.
Daxili İşlər Nazirliyi, Abşeron-Xızı Regional Təhsil İdarəsindən məsələ barədə araşdırma aparıldığı qeyd edilmişdi.