Nazirlik Əli Həsənova bağlı şirkətlə 65 minlik müqavilə imzalayıb

 24-07-2024

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Azərmətbuatyayımı” ASC (VÖEN-1500515761) olub.

Yeniavaz.com xəbər verir ki, “Azərmətbuatyayımı” ASC Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinə bu ilin sonuna kimi 65 000 ədəd “Azərbaycan Müəllimi” qəzeti satacaq.

“Azərmətbuatyayımı” nazirliyin regional idarələrinə satdığı 65 000 ədəd qəzet üçün 65 000 manat alacaq. Rəqəmlərdən də göründüyü kimi 1 ədəd qəzetin qiyməti 1 manat təşkil edəcək.

Qeyd edək ki, bu ilin iyun ayında ölkədə satılan qəzetlərin orta satış qiyməti 58 qəpik təşkil edib.

Onu da bildirək ki, tenderin qalibi olan “Azərmətbuatyayımı” ASC-nin nizamnamə kapitalı 345 min 304 manat təşkil edir. ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Salmanov Süleyman Əli oğlu olan ASC-nin hüquqi ünvanı “Nərimanov rayon, Ceyhun Hacıbəyli, ev 30 K”da yerləşir.

Qeyd edək ki, “Azərmətbuatyayımı” ASC-nin təsisçisinin “Kaspi Mətbuat Yayım” MMC (VÖEN – 1700165031) olduğu bildirilir. 1 mart 2004-cü ildə dövlət qeydiyyatına alınan “Kaspi Mətbuat Yayım” MMC-nin qanuni təmsilçisi də Salmanov Süleyman Əli oğludur.

“Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı Fi̇krət Əmi̇rov küçəsi, ev 1 hüquqi ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşib.

Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və ləğv olunan “Atom Qida” MMC-yə (VÖEN -1701554201) Əli Həsənovun ABŞ-də yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.

2021-ci ildə Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduqlarını elan ediblər.

Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.

Bunlardan başqa hazırda Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “Kaspi Education” MMC-nin (VÖEN – 1701352711) qanuni təmsilçisi də Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır.

Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyi daha əvvəl də nazirliyə məxsus (təsisçisi) olan “Azərbaycan Müəllimi” qəzetini almaq üçün “Azərmətbuatyayımı” ASC ilə satınalma müqavilələri imzalayıb.

Elnur Əli

Bənzər yazılar

0.24277710914612