Çin vətəndaşları 2024-cü il iyulun 20-dən başlayaraq 2025-ci il iyulun 20-dək bir il ərzində Azərbaycana üç dəfə vizasız səfər edə bilərlər.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Məlumata görə hər səfərində Çin vətəndaşları Azərbaycanda 30 günədək qala bilərlər.
Vizasız rejim 3 iyul 2024-cü il tarixində qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”sinə uyğun həyata keçiriləcək.
Qeyd edilib ki, sözügedən şəxslər Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olduqda Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Müvafiq dövr ərzində 3 dəfədən çox Azərbaycana səyahət etmək və ya ölkədə 30 gündən artıq müddətə qalmaq istəyən Çin vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada viza əldə etdikdən sonra ölkəyə gələ bilərlər.