"Lənkərandakı zəlzələ nəticəsində elə dağıntılar yoxdur. Ən keyfiyyətsiz tikinti materialları olan çay daşlarından tikilmiş evlərdə müəyyən çatlar var".
Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, güclü zəlzələnin baş verməsi ehtimalı yoxdur: "Biz analiz etdik ki, ayrılan enerjinin gücü nə qədərdir. Əhaliyə də müraciət etdik ki, narahat olmasınlar. Lənkərandakı zəlzələdən sonra çoxlu afterşoklar qeydə alınıb. Lakin bunların içərisində 4,4 bal olan hiss edilib. Hazırda zəlzələnin təkrarlanması ilə bağlı qorxu yoxdur və güclü zəlzələ gözlənilmir".
“Lənkəran rayonunda qeydə alınan zəlzələdən sonra afterşoklar - xırda təkanlar ola bilər. Güclü təkan artıq geridə qalıb, əhali təşvişə düşməsin”, - deyə o vurğulayıb.
Qeyd olunub ki, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir: “Zəlzələ baş verən və hiss olunan ərazilərimizdəki vətəndaşlarımızdan təmkinli olmağı və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik”.
Zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 3-5 bala qədər hiss olunub.