Son günlər Azərbaycanda tez-tez kiçik maqnitudalı zəlzələlərin baş verməsi cəmiyyətdə müəyyən narahatlıq yaradıb. Ötən gün axşam İmişlidə də zəlzələ qeydə alınıb. Daha sonra İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub. Yeraltı təkanlar Beyləqan stansiyasından 35 km şimal-şərqdə baş verib. Bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bir neçə gün öncə Tokatın Sulusaray rayonunda baş verən 5,6, 4,0, 4,4 və 4,1 bal gücündə zəlzələlərdən sonra bir çox binalara ciddi ziyan dəyib. Zaman-zaman ölkəmizdə kiçik maqnitudalı, qonşu ölkələrdə isə (Türkiyə, İran) baş verən nisbətən 5 baldan yuxarı zəlzələlər cəmiyyətdə bir sıra qorxu və təşviş yaradıb.
Bəs daha güclü yeraltı təkanlar ola bilərmi, 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlərin baş vermə ehtimalı varmı?
Məsələ ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a açıqlamasında bildirib ki, baş verən xırda təkanlardan qorxamağa və əndişəyə düşməyə ehtiyac yoxdur:
“Panikaya düşməyə ehtiyac yoxdur. Əslində xırda titrəşimləri cəmiyyətə deməyə ehtiyac yoxdur. Seysmoloji baxımdan onlar qeydı alınır, ama onları camaata deyib onlarda qorxu hissi yaratmaq düzgün deyil. Adətən belə titrəşimlər regionda mütləq olmalıdır, çünki yer altında nəhəng pillələr bir-biri ilə çarpışır. Bu ərazilərdə böyük bir təzyiq var, iri litosfer tavaları bir-birilə toqquşur. Xırda təkanların baş verməsi əslində güclü zəlzələlərin olma ehtimalını azaldır. Çünki yerin daxili qüvvəsinin özünü hissə-hissə bitirməsi gələcəkdə güclü zəlzələ olması ehtimalını azaldır”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan seysmik zonada yerləşdiyi üçün baş verən xırda təkanlardan vahiməyə düşməyə dəyməz. Onun sözlərinə görə, seysmik zona olaraq aktiv ərazilər bir neçə kateqoriyaya bölünür: “Böyük Qafqaz, Şəkidən Şamaxıya qədər ərazilər 9 ballıq zəlzələ baş vermə ehtimalı olan yerlərdir. Naxçıvanın bir sıra yerləri, kiçik Qafqazın bəzi əraziləri – Göygöl və digər rayonlar aktiv zonalardır. Tarix boyu bu ərazilərdə güclü zəlzələlər baş verib”.
Ənvər Əliyev əlavə edib ki, Bakı ərazisində 8 baldan yuxarı zəlzələ baş verməyib və baş verəcəyi də ehtimal olunmur. Bakını Şamaxı və digər aktiv zonalarla müqayisə etmək düzgün deyil. Amma bunu qəbul etməliyik ki, Azərbaycan ərazisi seysmik cəhətdən olduqca aktiv bir zonada yerləşir və hər bir halda baş verəcək hər şeyə hazır olmalıyıq.