Ukrayna dalanda, Qərblə Rusiya sövdələşmə həvəsində 

 22-12-2023

ABŞ Konqresi Ukraynanı Rusiyaya qarşı maliyyələşdirməyə xəsislik etdikcə Kiyevin döyüş meydanındakı hərbi imkanları xeyli zəifləyir.

Ukrayna artıq əks-hücum əməliyyatları keçirə bilmir, amma Rusiya ərazilərinə dronlarla hücum kampaniyasını davam etdirir.

Lakin bu, Ukraynanın öz ərazilərini azad etməsi üçün kifayət deyil.

Rusiyanın öz suveren ərazilərinə əlavə torpaqlar qatmaq planlarının hədəf və miqyasını təyin etmək o qədər də asan məsələ deyil.

Məncə, Rusiya müharibənin daha çox geosiyasi nəticələrini öz məqsədləri ilə uyğunlaşdırmağı mütləq hədəf kimi təyin edir.

Yəni Rusiya Ukraynanın hərbi məğlubiyyətindən çox, Kiyevi öz məqsədlərinə tabe etdirməkdə həvəslidir.

Halbuki, Rusiya müharibənin başlanğıcında Ukraynanın bütününü ələ keçirməyə ümid edirdi, lakin buna nail ola bilmədi. Buna baxmayaraq, Rusiya indi Ukraynanın 20 faizindən artıq ərazisinə nəzarət edir.

Qərbin də kollektiv planı mövcuddur, hər halda, NATO Rusiyanın çox asanlıqla öz məramına çatması üçün gurluğu ilə seçilən bir neçə yaşıl işığı eyni anda yandırmağa imkan verən deyil.

Amma çətinliklər çoxdur, Qərbin Rusiyaya qarşı hibrid müharibəsinin aparıcı kanalı olan sanksiyalar effekt vermir.

İkincisi, Qərbin Ukraynaya ötürdüyü silahlar döyüş meydanında vurulur və bunu Kiyevin xeyrinə kompensasiya etməkdən ötrü lazım olan əlavə hərbi yardım kampaniyası əhəmiyyətli dərəcədə məhdudlaşdırılır.
Ukraynanın əlində olan silahlarla lazım olan nöqtələrə dəqiq zərbələr endirməsi belə, vəziyyəti kökündən dəyişə biləcək gücdə deyil.

İndi NATO, həqiqətən də, Rusiyanın strateji məğlubiyyətini arzulayırsa, onda Ukrayna üçün yardım səylərini genişləndirməlidir.

Yox, bunu etmirsə, onda Qərb Rusiya ilə sövdələşməyə gedib Ukraynanın məğlubiyyətini rəsmiləşdirməkdə maraqlı tərəf kimi görünür.

Ona görə nəticə çıxarmaq olar ki, ABŞ-nin Ukraynaya silah ixracı kampaniyasını zəiflətməsi fonunda Qərblə Rusiya arasındakı danışıqlar yenilənə bilər.

Hərçənd ki, yenə də baza kartlar dəyişən deyil və Rusiya ilə Qərbin eyni masa arxasında əyləşməsi belə, gələcək hiylələrin dövriyyədə olmayacağına qarantiya vermir.

Qısası, Qərbin Ukraynaya hərbi yardımı azaltması Ukrayna ordusunun döyüş gücünün tədrici çöküşü ilə nəticələnə bilər. Bunun davam edəcəyi təqdirdə Ukrayna ordunu komplektləşdirmək, silah arsenalını yenidən yerbəyər etmək problemləri ilə üzləşəcək.

Hesab etməyə əsas var ki, Rusiya üçün indi bu ssenari daha məqbuldur - Ukraynanı döyüş meydanında tükəndirib onu Kremlin prinsiplərinə tabe etdirmək üçün.

Ukraynaya gəlincə, o, dirəniş və qətiyyətini hələ ki nümayiş etdirir. (oxu.az)

 

Bənzər yazılar

0.19964694976807