Sakinlər Sumqayıtda səkilərin “işğalından” narazıdırlar 

 20-12-2023

Sumqayıt sakinləri şəhər ərazisindəki səkilərin küçə ticarətçiləri tərəfindən zəbt olunmasından şikayətçidirlər.

Yeniavaz.com-a müraciət edən bir qrup Sumqayıt sakini bildirir ki, bir müddət əvvəl mətbuatda küçə ticarəti ilə məşğul olanların küçədə piyada səkilərini zəbt etməsi ilə xəbərlər dərc olunmuş və bu problem aradan qalxmışdı.

Onlar iddia edirlər ki, bu proses çox az müddət çəkib və hazırda şəhərdəki səkilər yenidən küçə ticarətçilərinin “işğalı altındadır”:

“Söhbət Sumqayıtın 13-cü mikrorayonu, Babək küçəsindən gedir, amma belə acınacaqlı mənzərəyə şəhərin demək olar ki, hər yerində rast gəlmək olar. Məsələn, şəhərin mərkəzində, Heydər Əliyev prospektində, 2-ci mikrorayonda məşhur idman malları satan mağazanın qarşısı - bazara yaxın dayanacağın ətrafı Hindistanın tipik mənzərəsini xatırladır ki, bu da şəhərin görünüşünə mənfi təsir edir. Üstəlik, küçə ticarəti ilə məşğul olanların heç bir sənədi olmur. Əlbəttə, insanların dolanışığını təmin etmək üçün ticarətlə məşğul olmasını başa düşmək olar, amma səkinin az qala hamısının tutulması yolverilməzdir”, - sakinlər bildirirlər.

İdddia olunur ki, əlaqədar qurumlar da maraq naminə heç bir tədbir görmürlər:

“Problem mətbuatda işıqlanandan sonra müəyyən tədbirlər görüldü, həmin yerlərdə həqiqətən də səkilər azad edildi, piştaxtalar geri çəkildi, insanlar az da olsa, rahat gedib-gəlməyə başladılar. Lakin əfsuslar olsun ki, bu sevinc cəmi 2 gün çəkdi. İndi yenə də olub köhnə hamam, köhnə tas. Vəziyyət əvvəlkindən də betər təkrarlanır. Mikrorayonlarda “Kolxoz bazarı” tərəfdə səkilər, yollar yenidən zəbt olunur ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur. Görünür, burada bəzi məmurlar böyük pulllar əldə edirlər ki, problem həll olunmur”.

Sakinlər sözügedən ərazilərdən fotolar da təqdim ediblər.

İddialarla bağlı suallarımızı ünvanlamaq istəsək də, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmadı.










Murad Məmmədov

Bənzər yazılar

0.16684889793396