65 yaşdan yuxarı sürücülərin avtobus sürməsi qadağandır? 

 12-12-2023

Paytaxta fəaliyyətdə olan ictimai nəqliyyatda 65 yaşdan yuxarı sürücülərin çalışdığı iddia olunur. Xüsusilə, Hövsan qəsəbəsindən Suraxanı marşrutu üzrə hərəkət edən 161 saylı avtobusda yaşlı sürücülərin olduğu bildirilir.

Bununla bağlı Bizim.Media-ya şikayətlənən qəsəbə sərnişinləri, həmin marşrutda çalışan sürücülərin yaşlı, bəzilərinin görməsində və eşitməsində problem olduğunu qeyd ediblər. 

Aydındır ki, sərnişindaşımada yaşından asılı olmayaraq sürücünün sağlamlığı önəmlidir. Çünki sürücülərin səhhətlərindəki hər hansı narahatlıq onların özü ilə yanaşı, sərnişinlərin də həyatı üçün risk yaradır. 

Bəs, 161 saylı marşrutun sürücüləri barədəki iddalar nədən xəbər verir? Ümumiyyətlə, həmin marşrutda yaşlı sərnişinlər varmı? 

161 saylı marşrutun daşıyıcısı Bəhruz Tağıyev Bizim.Media-ya açıqlamasında sərnişinlərin iddiasını əsassız adlandırıb. O, deyib ki, sözügedən marşrut xəttində 65 yaşdan yuxarı sürücü yoxdur. Qaldı ki, onların səhhətlərinə, sürücülər mütəmadi olaraq tibbi yoxlanışdan keçirlər və daşıyıcı bu məsələləyə xüsusi nəzarət edir. 

Digər marşrut xəttlərində necə, 65 yaşdan yuxarı sürücü varmı?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən saytımıza bildirilib ki, sürücülərin işə götürülməsi səlahiyyəti AYNA-da olmadığı üçün əllərində belə bir statistika yoxdur:

“Sürücülərin yaş kateqoriyası ilə bağlı məsələlər daşıyıcıların tabeliyində olan məsələdir. İşə götürülən sürücülərin yaşı və səhhəti xüsusi diqqətdədir. Xatırladaq ki, Milli Məclisdə "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən yeni dəyişikliklərə görə, avtobuslarla sərnişin daşımaları ilə "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 22-dən az və 65-dən çox olmayan, eləcə də  avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər buraxılırlar.

"DE" kateqoriyası üzrə isə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 25-dən az və 65-dən çox olmayan, eləcə də "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılır.

Yeni dəyişikliklər avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqədar avtobuslarla sərnişin daşıyan sürücülərə dair tələblərin yenilənməsi məqsədilə qəbul olunub.

 

Bənzər yazılar

0.19207811355591