Milli Məclisin ötən gün keçirilən plenar iclasında vətəndaş nikahı məsələsi gündəmə gətirilib. Deputat Fəzail Ağamalı vətəndaş nikahlarının artdığını deyib. “Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə üç dəfə, kənd və rayonlarda isə altı dəfəyə qədər artıb”, - deyə o qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur:
“Bunu hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur. Qadın da, kişi də vətəndaş nikahına girməli deyillər”.
Qeyd edək ki, vətəndaş nikahı dedikdə dövlət qurumları tərəfindən qeydiyyata alınmayan evliliklər nəzərdə tutulur. Belə nikahlara el arasında “molla kəbini” də deyirlər. Bəzi hallarda, hətta “dini nikah” olmadan da ailə quranlar olur. Ölkə qanunlarına görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
Qeyri-rəsmi xəbərlərə görə, vətəndaş nikahlarının sayı artmaqdadır. Lakin gizli nikahların dəqiq sayını müəyyən etmək olduqca çətindir. Çünki belə nikahlar dövlət qurumları tərəfindən qeydə alınmır. Ancaq Dövlət Statistika Komitəsinin yaydığı digər bir məlumata diqqət yetirməklə ölkəmizdə vətəndaş nikahlarının geniş vüsət aldığını deyə bilərik.
Təqdim etdiyimiz rəqəmlər illər üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayını göstərir:
- 2016-cı ildə: 26 288;
- 2017-ci ildə: 22 796;
- 2018-ci ildə: 20 716;
- 2019-cu ildə: 21 453;
- 2020-ci ildə: 17 714;
- 2021-ci ildə: 17 566;
- 2022-ci ildə: 18 814;
- 2023-cü ildə: 15 622;
Göründüyü kimi, qeyri-rəsmi nikahdan doğulan uşaqların sayında azalma müşahidə edilsə də, indiki göstəricilər də az deyil. Üstəlik, bu rəqəmlər sadəcə uşaq dünyaya gətirənlərin sayını əks etdirir. Reallıqda isə qeydiyyata alınmayan nikahların sayı daha çoxdur. Məlumata görə, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı kəndlərdə daha çoxdur.
Bir çoxları vətəndaş nikahlarının tam ləğv olunmasını təklif edir və hökuməti bununla mübarizəyə səsləyir.
Məsələ ilə bağlı Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov vətəndaş nikahının doğru olmadığını dilə gətirib:
“Din baxımından məsələyə yanaşdıqda dini nikah vacibdir. Lakin qanunvericiliyimizə uyğun olaraq, dövlət, yəni rəsmi nikah da lazımdır. Əks halda iki nəfərin razılaşması ilə evlilik olarsa, onda bizim milli dəyərlərimiz aradan gedər. Belə olmaz axı! Bu baxımdan hökmən dini nikah və bununla birlikdə rəsmi dövlət nikahı olmalıdır. Dini nikah qadının hüquqlarının qorunması üçün lazımdır. Bunu bizə Allahımız əmr edir. Dini nikahda qadınların hüquqlarının qorunması üçün mehr deyilən müəyyən məbləğ var ki, sonradan qadın ayrılarsa, mehri ilə bir yana çıxa bilir. Dövlətin qadının hüquqlarını qoruması baxımından rəsmi nikah da vacibdir”.
B.Nəcəfov dövlətin vətəndaş nikahı məsələsini aradan qaldırmasını arzu edir:
“Dövlətimizin vətəndaş nikahına qarşı tədbir görməsi zəruridir. Ortada valideyn hüquqları və xeyir duası məsələsi var. Bizim milli dəyərlərimizə yaraşmayan haldır. Biz bunu qəbul edə bilmərik. Bu gün bir millət, xalq, dövlət olaraq dünyaya sözümüzü deyə bilirik. Ola bilərmi ki, belə məsələlərdə kimisə təqlid edək. Avropada belə hallar ola bilər. Lakin bu, Azərbaycan milli mentalitetinə uyğun deyil. Bu məsələ həm şəriət, həm də hüquqi nöqteyi-nəzərdən qəbul edilə bilməz. İnşallah ki, dövlətimiz də buna icazə verməz və bunun qarşısı alınar”.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov vətəndaş nikahlarının artmasının səbəblərini belə izah edib:
“Çox təəssüf ki, son dövrlərdə bütövlükdə dünyada rəsmi nikahın yerinə vətəndaş nikahlarına yönəlmə tendensiyasının artdığı müşahidə olunur. Bunun müxtəlif səbəblərindən bəhs etmək mümkündür. Dünyanın müxtəlif ölkələrində sözügedən mövzunun sosioloji, psixoloji və digər aspektlərini tədqiq edən araşdırmalar mövcuddur. Fikrimcə, ənənəvi ailə dəyərlərinin zəifləməsinin bunda xüsusi rolu vardır”.
A.Şirinov vurğulayıb ki, belə halların aradan qaldırılması üçün bir çox istiqamətdə fəaliyyət göstərmək böyük zərurət kəsb edir:
“İlk növbədə ailədən başlayaraq övladlarımıza ənənəvi ailə dəyərlərimizi təlqin etməliyik. Bunun də ən gözəl yolu sözügedən dəyərləri yaşayaraq şəxsi nümunə göstərməkdən keçir. Həmçinin milli və dini ənənəmizdə “vətəndaş nikahı” anlayışının olmadığı gənclərə çatdırılmalı, vətəndaş nikahının heç bir rəsmi yönünün olmadığı, hüquqi öhdəlik gətirmədiyi, məsuliyyəti aradan qaldırdığı və bunu məsuliyyətdən yayınmaq istəyənlərin sui-istifadə edəcəyi inandırıcı şəkildə gənclərimizə izah olunmalıdır. Ənənəvi dəyərlərimizin təbliğində ailələrin, məktəbin və din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda, vətəndaş nikahının hüquqi fəsadlarının cəmiyyətə çatdırılması istiqamətində hüquqşünaslarımızın da daha aktiv fəaliyyət göstərmələrinə ehtiyac var”.
İlahiyyatçı Elşad Miri belə məsələlərdə ən çox qadının problem yaşayacağını diqqətə çatdırıb:
“Vətəndaş nikahında şahid olub-olmadığını bilmirəm. Əgər ortada şahidlər varsa, problem olacağını düşünmürəm. Amma məsələ nədir? Sabah uşaq dünyaya gələrsə, yaxud vərəsəlik məsələsi olarsa, bu zaman problem yaşanacaq. Ən çox problem yaşayan tərəf də qadın olacaq. Çünki bizim kimi patriarxal cəmiyyətlərdə kişilər özlərini istədikləri kimi təmizə çıxara bilirlər. Ona görə də burada əsasən qadınların hüquqları qorunmalıdır. Qadınların hüquqlarının qorunması üçün bunun, təbii ki, hüquqi bazası olmalıdır”.
İlahiyyatçının fikrincə, məsələ maarifləndirmə yolu ilə həll olunmalıdır:
“Birinci növbədə maarifləndirmə işləri aparılmalıdır. Çünki sabah müəyyən yaşı ötmüş şəxslərin əlaqəsinə kimsə gedib rəsmi nəsə edə bilməyəcək. Maarifləndirmə yolu ilə məsələnin aradan qaldırılması daha məqsədəuyğundur. Beləliklə, sabah övlad məsələsi, bacı-qardaşın bilmədən bir-biri ilə ailə qurmasının önünə keçmək daha vacibdir”.