Prezident İlham Əliyev: “2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”

 09-12-2023

“Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

Bunun üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsaitin yatırılmasının vacibliyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq. Azərbaycanın iqtisadi inkişafının təməlində, əsasən, tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir.

Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.

Biz, həmçinin, xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlədik və bu gün bu rəqəm ümumi daxili məhsulun (ÜDM) 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in yeddi faizidir. Bu isə Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir”.

Gələn il iqtisadi artımın daha böyük olacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti vurğulayıb:

“Lakin həmin rəqəmlər, əslində, iqtisadiyyatın səmərəliliyi və insanların yaşayış standartlarının 100 faizini əks etdirmir. Elə ölkələr var ki, iqtisadi artımı olduqca aşağı səviyyədədir, lakin iqtisadiyyatı çox inkişaf etmişdir. Beləliklə, ölkənin ÜDM-i nə qədər çoxdursa, artıma nail olmaq da o qədər çətin olur. Xüsusilə də bugünkü geosiyasi vəziyyətdə. Çünki bizim iki qonşumuz və əsas ticarət tərəfdaşlarımızdan olan Rusiya və İran sanksiya altındadırlar. Bunu nəzərə almaq lazımdır. Ancaq bizim 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir.

Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”.

Bunun üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsaitin yatırılmasının vacibliyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib:

“Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, Günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq. Xarici sərmayələrə gəldikdə, əlbəttə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır”.

Əhəmiyyətli inkişafın bərpa olunan enerji mənbələri ilə bağlı olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Hesab edirəm ki, bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Biz artıq ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş Günəş elektrik stansiyasının açılışını etdik. Növbəti beş-altı ildə isə biz 10 giqavat həcmində Günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Zənnimcə, rəqəmsal transformasiya gündəliyimizlə yanaşı, sərmayə qoyuluşu üçün əsas sahələr bunlar olacaq.

Bizim enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün biz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edirik.

Həmçinin, biz Macarıstan və Serbiya ilə müqavilələr imzalamışıq. Bununla yanaşı, Albaniya da bizim qazın paylanılmasına dair planlarımıza daxildir. Avrasiyada və əsasən də Avropada neçə ölkə bizim tərəfdaşımızdır və Azərbaycan qazına olan tələbat artmaqdadır. Biz Rusiyaya qarşı sanksiyalara görə Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verdik. Bu, bizim işgüzar əlaqələrimizin vacib hissəsi olmaqda davam edəcək.

Eyni zamanda, mən artıq bərpa olunan enerji sahəsinə toxundum. Bu gün Bakıda olduqca küləkli gündür və bu, normal hava şəraitidir və biz xüsusilə də Xəzər dənizində nəhəng potensiala malikik. Artıq 10 giqavat həcmində külək və Günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpa olunan enerjiyə rahat keçid imkanı verəcəkdir. Bununla yanaşı, Avropa istehlakçıları da yaşıl enerji ilə təmin ediləcək.

Azərbaycana gəldikdə mən əməkdaşlıq görürəm. Bu da ölkəmizin siyasəti ilə bağlıdır. Biz hər zaman Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq istəmişik və hesab edirəm ki, buna müvəffəq olmuşuq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanda enerji sahəsinin inkişafına nəzər salsanız, görərsiniz ki, burada geniş beynəlxalq təmsilçilik var. Nəqliyyat sahəsinə baxsanız, görərsiniz ki, hər iki - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir və bizim qonşularımız, müxtəlif regionlarda olan çoxsaylı ölkələr bundan faydalanırlar.

Siyasi inkişafa gəldikdə, burada da Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Beləliklə, biz bu riskləri azaltmağı uğurla bacardıq. Bu səbəbdən bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir. Elə bir ölkə ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilib”, - deyə dövlətimizin başçısı bildirib.

Bənzər yazılar

0.17816305160522