İllərlə bağlı qalan cinayət çözüldü: Sevgilisini öldürüb qəbiristanlıqda gizlədibmiş

 18-03-2022

Ağsuda beş il əvvəl törədilmiş cinayətin üstü açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, cinayətin üstü Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti nəticəsində açılıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ağsu şəhər sakini Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci il tarixində itkin düşməsi faktına görə Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 20 dekabr 2019-cu il tarixində dayandırılıb.

7 mart 2022-ci il tarixdə iş üzrə icraat təzələnərək istintaq Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsi tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İstintaqla müəyyən edilib ki, 2017-ci il yanvarın 27-dən 28-ə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb, meyiti əvvəlcə Qaraqaşlı kənd qəbiristanlığında gizlədib, yanvarın 28-də saat 22 radələrində isə meyiti oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırılıb.

16 mart 2022-ci il tarixdə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb.

17 mart 2022-ci il tarixdə Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən o, törətdiyi əməli etiraf edib.

Prokurorluq orqanları tərəfindən ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.

Bənzər yazılar

0.36498689651489