Azərbaycanda “ağ qızıl”ın “qara günləri” başlayır…

 16-11-2023

Bu ilin ilk 10 ayı ərzində Azərbaycan xarici ölkələrə 98 milyon 461,5 min dollar dəyərində 54 min 634,6 ton pambıq lifi ixrac edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, pambıq lifinin dəyər ifadəsində ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 55,4 milyon dollar azalıb.

Belə ki, ötən ilin ilk 10 ayı ərzində Azərbaycan xarici ölkələrə 153 milyon 834,5 min dollar dəyərində 66 min 112,8 ton pambıq lifi ixrac edib.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda pambıq yığımı kəskin şəkildə azalıb. Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 16 min hektardan 14,3 min ton pambıq yığılıb. Ötən ilin eyni dövründə isə 34,5 min hektardan 38,8 min ton pambıq yığılıb. Son bir ildə hər hektar üzrə məhsuldarlıq 11,2 sentnerdən 8,9 sentnerə düşüb.

Onu da bildirək ki, 2017-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət Proqramının 6.3-cü bəndində qeyd olunur ki, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcəkdir.

Lakin, Dövlət Proqramının icrasının başa çatdığı 2022-ci ildə Azərbaycanda ümumilikdə 321,8 min ton pambıq yığılıb. Bu il məhsuldarlığın aşağı düşməsi səbəbindən ehtimal etmək olar ki, ilin sonunda məhsul yığımı ötən ildəkindən az olacaq.

Bənzər yazılar

0.1871030330658