Azərbaycanda 70 mindən artıq taksi fəaliyyət göstərir. Bu barədə ekspertlər bildiriblər.
Xezerxeber.az-ın məlumatına görə, buna baxmayaraq, indiyə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Təlim-Tədris Mərkəzi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərində aparılan təlimlərdən cəmi 12 min 54 sürücü keçib. Bu da ümumi taksi sayının 17 faizi deməkdir.
Baxmayaraq ki, yanvar ayından etibarən buraxılış vərəqəsi və buraxılış kartı olmadan taksi fəaliyyəti ilə məşğul olanlar cərimələnəcəklər. Apardığımız sorğudan da aydın oldu ki, hələ də təlimlərə qatılmayan və ya qatılmaq istəməyən sürücülər var. Lakin təlimi vacib hesab edənlər də az deyil.
AYNA-nın mətbuat katibi Tural Orucov deyir ki, buraxılış vəsiqəsi olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.
Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə isə 50 manat məbləğində cərimə tətbiq olunur.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, taksi şirkətləri və taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər mütləq qoyulan tələblərə əməl etməlidirlər. Əks halda heç bir taksi şirkəti buraxılış kartı olmayan sürücülərə sifariş yönləndirə bilməyəcəklər. Yönləndirdikləri halda isə cərimələnəcəklər.
Ətraflı süjetdə: