“Hökumət 2 il əvvəl kiçik dövriyyəli mikrosahibkarlıq subyektlərini 2%-lik (Bakıda 4%) sadələşdirilmiş vergidən mərhrum eləyib 5%-lik güzəştli gəlir vergisinə keçirmişdi. İndi bu güzəşti də onların əlindən alıb 20%-lik gəlir vergisinə keçirməyə hazırlaşır. Yəni bu gün 1000 manat gəlirə görə 50 manat ödəyən mikrosahibkar yanvardan 200 manat ödəməli olacaq. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdən görünən budur”.
Bunu iqtisadçı Rövşan Ağayev sosial şəbəkə hesabında yazıb.
“2 ya 3 il əvvəl Məcəlləyə belə bir dəyişiklik (218.5.10-cu maddə) edildi ki, əgər sahibkar əhaliyə yox, hüquqi şəxslərə (yəni biznes subyektlərinə) ximət edirsə, bu halda hətta dövriyyəsi etibarı ilə (illik 200 min manatdan aşağı) mikrosahibkar olsa belə, sadələşdirlmiş vergi ödəyicisi ola bilməz.
Bu halda həmin subyekt avtomatik 20%-lik gəlir vergisinin ödəyicisi sayılır. Amma elə həmin vaxt Məcəlləyə belə bir müddəa (102.1.30-cu maddə) əlavə edildi ki, qanunvericiliyə uyğun gəlirlərin və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların əldə etdiyi gəlirin 75 faizinə vergi güzəşti tətbiq olunur. Yəni 20%-lik vergi şkalası mikrosahibkarlar üçün 5%-ə endirlir.
İndi məhz həmin maddəyə belə bir dəyişiklik təklif edilir ki, əgər mikrosahibkarın 3 nəfər muzdlu işçisi yoxdursa, avttomatik gəlirləri 20%-lə vergiyə cəlb olunacaq”, - iqtisadçı bildirib.
O qeyd edib ki, bu yanaşmada absurd məqamlar var:
“Birinci absurd oldur ki, Nazirlər Kabinetinin 556 saylı (21.12.1918-cil) qərarı ilə təsdqilənən meyarlara görə, 1 nəfərdən ibarət sahibkarlıq subyekti də mikrosahibkar sayıldığı halda (illik gəlirin 200 min manatdan aşağı olması şərtilə), vergi orqanı 3 nəfər muzdlu işçi saxlayan sahibkara güzəşt verir, amma 1 və 2 nəfərdən ibarət olanı bu hüquqdan məhrum edir. Məntiqlə və adından görünüyü kimi, mikrosahibkar kifayət qədər xırda (həm dövriyyə, həm də işçi qüvvəsi etibarı ilə) subyekt olmalıdır. Sizin dediyiniz şərtlər bəlkə kiçik subyektlər üçün keçərli ola bilər.
İkinci absurd odur ki, dünyanın heç bir normal ölkəsində aşağı gəlirli, çevik iş yeri yaradan, özünün və ailəsinin məşğulluğunu təmin edən mikrosahibkarları bu qədər ağır vergi yükü altında əzmirlər. Sosial ödənişləri də nəzərə alsaq, söhbət az qala 30%-lik vergi yükündən gedəcək - əgər bu dəyişiklik olacaqsa.
Üçüncü absurd odur ki, neçə illərdir kiçik və orta sahibkarlığın təşviqindən, dövlət himayəsindən danışanlar neçə illərdir vergi yükünü artıra-artıra bu təbəqəni maksimum sıradan çıxarmaqla məşğuldurlar. Vergi sistemi mühasib hesablamaları ilə yox, makroiqtisadi siyasətin hesabları ilə qurulmalıdır, maraq qrupları ilə ciddi məsləhətləşmələr əsasında formalaşdırılmalıdır”.
R. Ağayev sözügedən güzəştin mümkün ləğv edilmə səbəbləri barədə isə bunları yazıb:
“Çox güman arqumentlərdən biri budur ki, iri dövriyyəsi olan sahiklarlar öz fəaliyyətlərini 3-5 işçisinin adına açdığı VÖEN-ə rəsmiləşdirərək 15%-lik göydəndüşmə güzəştdən 10 minlərlə vəsait qazana bilir. Bu realdırmı? Realdır, amma ağrıyan başı kəsmirlər, ağılla müalicə edirlər. Bəs yeni mexanizm bunun qarşısını alacaqmı? Çətin, çünki bunu əvvəl edən və bəhrəsini görənlər üçün 3 nəfər muzdlu işçidən ibarət 2-3 mikrosahibkar subyekti yaratmaq yenə də problem olmayacaq. Yəni onlar 5%-lik vergi güzəştindən yenə də bəhərlənəcklər.
Ortada beli qırılan elə mikrosahibkarlar olacaq ki, məhz onların işinin xarakteri fərdi (1 nəfərlik) iş qurmağı tələb edir. Məsələn, İT mütəxəssiləri, dizaynerlər, araşdırma və tədqiqat xidməti göstərən müxtləif sahə ekspertləri. Yekə-yekə dövriyyəsi olan subyektlər yenə də yol tapıb dövriyyələrini 3 nəfərlik işçilər arasında bölüşdürüb 3-5 VÖEN-lə 5%-lik güzəştdən bəhrələndiyi halda, sadaladığım şəxslər 20%-lik vergi yükü altına əziləcəklər.
Burada çıxış yolu varmı? Var. Qeyd elədiyim spesifik xidmətlər üzrə aylıq və illik dövriyyə müəyyən edilə və onlar işçi sayı əsas götürülmədən 5%-lik güzəştdən bəhrələnə bilərlər. Məsələn, aylıq, 3000 manat, rüblük 10 000 manat və ya illik 40 000 manat hədd müəyyən edilməsi mümkün çıxış yollarından biri ola bilər”.