Naxçıvanda bir sıra tarixi abidə "avrotəmir" olub? - ŞOK

 06-11-2023

Naxçıvan Muxtar Respublikasında bir sıra tarixi abidələrin "avrotəmir" edildiyi və qədimliyinin itirildiyi iddia edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu iddia ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi mətbu orqanı çıxış edib.

Belə ki, dərc olunan materialda qeyd edilib ki, ölkəmizin ayrılmaz tərkib hissəsi, qədim mədəniyyət mərkəzi olan Naxçıvanda da xeyli sayda belə təbii və tarixi-mədəni yerlər, məkanlar və abidələr vardır. Bildirilib ki, bunların tanınması, tanıdılması, qorunması və ən azından UNESCO-nun müvəqqəti siyahısına daxil edilməsi üçün ciddi işlər görülməlidir:

"Naxçıvandakı türbələrin və Ordubad şəhərinin qədim hissəsinin artıq müvəqqəti siyahıda olduğunu nəzərə alsaq, bunun real olmayacağını düşünənlərə də tutarlı cavab vermək mümkündür. Lakin bunun yetərli olmadığını, Naxçıvanda daha çox abidənin UNESCO-nun müvəqqəti siyahısına və ən azı bir abidənin UNESCO-nun daimi siyahısına daxil edilməsinin vacibliyini xüsusilə qeyd etmək lazımdır.

Şübhəsiz, Naxçıvana səfər edən əcnəbi turistlərin Azərbaycanın Maçu-Piçusu adlandırdıqları Əlincə qalada, yaxud Qarabağlar, Gülüstan və Yusif ibn Küseyir turbələrində aparılmış “avrotəmir” yerinə əgər elmi əsaslarla bərpa işləri aparılsaydı, bu rəqəm 1-2 deyil, daha çox olardı. Nəyə görə Naxçıvanqalaya ekskursiyaya gəlmiş turistlərə təqdim etmək üçün bir parça qədim divar qalığı qalmasın?! Yaxud görəsən, belə qədim divar qalıqları bizim dırnaqarası memarların fikrincə, artıq lazım deyilsə, onda Əlincənin Şahtaxtıdakı toxunulmamış həmin orijinal qala divarlarına niyə əl gəzdirilmədi? Yoxsa həmin dövrdə Naxçıvan memarlarının “başbiləni” olmuş Asəf müəllim oraya dırmana bilmədiyi üçün onlar yaddan çıxdı?".

Mətbu orqanında qeyd edilib ki, Naxçıvan türbələri arasında UNESCO-nun daimi siyahısına daxil edilə biləcək ən real namizəd olan XII əsr Şərq memarlığının incisi sayılan Möminə xatın türbəsi də özünün möhtəşəm duruşu və zərif naxışları ilə belə yamaqçılara meydan oxusa da, onun ətrafına da bu cür “quruculuqdan” pay düşüb:

"Belə ki, türbənin dörd yanına döşənmiş kələkötür dağ daşlarının, yaxud onun şəhər tərəfdən önünü tamamilə kəsən və il ərzində heç 15 nəfərin də istifadə etmədiyi istifadəsiz piyada üst keçidinin nəyə lazım olması sabah təkcə UNESCO ekspertlərinin deyil, eləcə də sadə turistlərin də verə biləcəyi ən sərt suallardandır. Axı tarixi abidə köhnə hospital binası deyil ki, yamaq vurub tədris obyekti kimi təhvil verəsən. Bəlkə, memarlarımızın fikrincə, bu üst keçid UNESCO-nun siyahısına salınmalıdır? Misalları daha çox çəkmək olar. Ancaq şübhəsiz, bu yollarla Azərbaycan dövlətinin havaya sovrulmuş milyonlarla manat vəsaiti həmin bu abidələrimizin daha yaxşı qorunması, daha çox reklam və tanıtım işlərinin aparılması üçün xərclənə bilərdi".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. 

 

Bənzər yazılar

0.17113089561462