"Run Group” şirkətinin prezidenti, dələduzluqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilmiş İranə Talışxanova Ali Məhkəməyə kassasiya şikayəti verib.
Qaynarinfo.az xəbər verir ki, İranə Talışxanovanın şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
İranə Talışxanova 2018-ci ilə qədər Azərbaycanın populyar iş adamı kimi tanınıb. Rəsmi mediada onun fəaliyyəti barədə xeyli müsbət materiallar tirajlanıb.
Sonradan həbs olunan İranə Talışxanovaya qarşı dələduzluq ittihamı irəli sürülüb. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən İradə Talışxanovanın iş qurmaq adı ilə ayrı-ayrı vətəndaşların külli miqdarda pulunu mənimsədiyi barədə məlumat yayılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxov onun 9 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
İranə Talışxanovaya məxsus olduğu bildirilən "Run Group” MMC 29 iyun 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, ev 2, korpus 9, mənzil 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliquliyev Emil Kamil oğludur. Şirkətin hazırda 25 180,23 AZN vergi borcu var.
"Run Group” MMC-nin hüquqi ünvanında "Run Group and Dana Holding CO. BM” MMC adlı şirkət də qeydiyyatdadır. Bu şirkət 31 yanvar 2018-ci ildə qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 100 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə İranə Talışxanovadır.
İranə Talışxanovanın cinayət işi üzrə 11 nəfər zərərməkən qismində tanınıb. Onların arasında əcnəbi vətəndaşlar da var.