Azərbaycanda iş adamı kimi tanınan və əslən Masallı rayonundan olan Hacı Mazan Zeynalovun qaranlıq əməlləri ilə bağlı mediada bir sıra məlumatlar yayılıb.
Aztoday.az saytının yaydığı məlumatda qeyd olunur ki, el arasında Hacı Mazan, sənəddə isə adı Ramazan Zeynalov olan iş adamı, hazırda həbsdə olan sabiq baş prokuror Eldar Həsənovun bağında onun qardaşı Ələkbər Həsənovla birlikdə bir nəfəri silahla atəş açaraq qətlə yetirmişdir.
Həmin qətl hadisəsində öldürülmüş şəxs iş adamı olub. Yazıda o da qeyd olunur ki, qətli ört-basdır etmək üçün Eldar Həsənov, Mazan Zeynalov və qardaşına kömək edərək bağ evində baş vermiş cinayət hadisəsini, evin mühafizəçisinin adına sənədləşdirmiş və günahsız insanı həbs etdirmişdir. Saytın yazdığına görə, Hacı Mazan Zeynalov baş vermiş cinayət hadisəsinə görə, Eldar Həsənova külli miqdarda pul verib. Hazırda cinayətin şəriki olan Eldar Həsənovun qardaşı Ələkbər Həsənovun ölkədən qaçması barədə xəbərlər yayılıb.
MillətinSəsi.info-nun məlumatına görə, Reallıq.TV-nin apardığı araşdırmalar zamanı məlum olub ki, Hacı Ramazan Zeynalov tez-tez qanunsuzluq etməklə və haqsız əməlləri ilə gündəmə gəlir. O, Sovetlər Birliyi dönəmində separatçılıq fəaliyyətinə görə həbsdə yatmış və azadlığa çıxdıqdan sonra Əlikram Hümbətovla sıx münasibətləri olub.
Bununla yanaşı, Hacı Allahşükür Paşazadənin rəhbəri olduğu idarədə müavin kimi fəaliyyət göstərməyə çalışan Ramazan Zeynalov, cavanlıq illərindən indiyə kimi deputatlıq edən Cavanşir Paşazadə ilə dostluq etməkdədir. Bir sıra mənbələr Ramazan Zeynalovun keçmiş sovet ölkələrinə yükdaşımalarla məşğul olması və buna görə yüzə yaxın böyük yük maşınlarına sahib olduğunu təsdiqləyir.
Həmin yük maşınları ilə müxtəlif yüklər daşıyan "hacı mazan" şirkəti qısa müddətdə milyonlarla vəsaiti büdcəsinə yığa bilib. Buradan təbii ki, sual ortaya çıxır: Sadə və qanuni yükdaşımalardan bu qədər pul qazanmaq mümkündürmü?
Reallıq.TV-nin apardığı araşdırmalar göstərir ki, Şeyx Allahşükür Paşazadənin "sağ qolu"na çevrilmiş Hacı Mazanın Həcc ziyarətləri zamanı, nəqliyyatın təşkilini həyata keçirməsi ona qeyri-leqal yolla böyük qazanclar gətirib. Bu qazanclar insanları Məkkə ziyarətinə aparıb-gətirməsi ilə əldə olunmayıb.
Etibarlı mənbədən daxil olan məlumatda qeyd olunur ki, Mazan Zeynalovun zəvvarları Məkkədən Azərbaycana geri gətirdiyi avtobusların yük yerləri tondan artıq qızıl külçələrlə yüklənirmiş. Həmin qızıl külçələrindən əldə olunmuş gəlirlərə Şeyxin şərik olub-olmaması barədə məlumatsızıq. Amma, bir məsələdə əminik ki, Hacı Mazan Zeynalov insanları hədələməklə, qanunsuz yollarla gəlir əldə etməklə və bu kimi qanundan kənar əməlləri ilə Masallının kabusuna çevrilib.
Xatırladaq ki, mediada dərc olunan iş adamının öldürülməsi ilə bağlı yazılanlara Hacı Mazan Zeynalov tərəfindən heç bir reaksiya verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
Mənbə Reallıq.TV